Naxçıvan İnnovasiya Mərkəzində 6 laboratoriya fəaliyyət göstərəcək-Elburus İsayev
Həqiqətən də, Naxçıvan Muxtar Respublikasının intellektual həyatı üçün mühüm iki hadisə baş verir. Onlardan birincisi Naxçıvan Dövlət Universitetinin kampusunda muxtar respublika üçün yeni innovasiya mərkəzinin açılışıdır.
ERAmedia xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib. Onun sözlərinə görə, mərkəzin yaradılmasına uzun müddət hazırlıq görülüb və bu iş Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə universitetin əməkdaşlığı nəticəsində reallaşdı. Mərkəzin əsas məqsədi innovativ layihələri olan gənclərin ideyalarını dəstəkləməkdir. Burada təkcə universitet tələbələri deyil, həm də bütün muxtar respublikadakı gənclər öz ideyalarını reallaşdırmaq imkanı əldə edəcəklər.
Elbrus İsayev qeyd edib ki, yeni mərkəzdə 6 laboratoriya fəaliyyət göstərəcək. Bu laboratoriyalar gənclərə ideyalarını prototip halında hazırlamağa, sınaqdan keçirməyə, beynəlxalq layihələrdə və startap müsabiqələrində təqdim etməyə şərait yaradacaq. Beləliklə, Naxçıvan gəncləri də dövlətin innovativ layihələrin dəstəklənməsi üzrə proqramlarından daha səmərəli faydalanacaq. Mərkəzin üstünlüklərindən biri onun müasir texniki imkanlarıdır. Burada fəaliyyət göstərəcək xarici mütəxəssislər gənclərə mühazirələr oxuyacaq, elmi-praktik dəstək verəcək.
Universitet kampusunda texnopark üçün ayrılmış 4 hektarlıq ərazidə istifadəyə verilən ilk bina olan bu mərkəz gələcəkdə inşa ediləcək digər binalarla birlikdə gənclər üçün daha geniş imkanlar yaradacaq. Qeyd edək ki, mərkəzin açılışı ilə paralel olaraq Naxçıvanda ilk dəfə “İnnovasiya və davamlı inkişaf” adlı beynəlxalq konfrans keçirilib. Dünyanın 71-dən çox universitetindən nümayəndələrin qatıldığı tədbirdə konfrans məruzələri ilə mərkəzin təqdimatı bir-birini tamamlayıb. Tədbirdə iştirakçıların inkişafla bağlı təkliflərinin də nəzərə alınacağı qeyd olunub.
Bundan başqa, konfrans çərçivəsində Azərbaycan Böyük Britaniya Peşəkarlar Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu addım mərkəzin beynəlxalq fəaliyyətinin genişlənməsinə xidmət edəcək. Yeni açılan mərkəz həm də ikili diplom proqramlarının inkişafı üçün mühüm imkanlar yaradacaq. Xüsusilə bu il açılan Kompüter mühəndisliyi ixtisası üzrə Macarıstanla ikili diplom proqramının tələbələri gələcək əməkdaşlığa hazırlıq məqsədilə mərkəzin imkanlarından faydalanacaqlar.
Mərkəzdə müxtəlif təlim və treninqlərin təşkili də nəzərdə tutulur. Bu, gələcəkdə mərkəzin yeni tələblərə uyğun inkişafına əlavə stimul verəcək.