Naxçıvan Şəhər İcra Hakimiyyətində sakinlərin müraciətləri dinlənilib
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazisində yaşayan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
ERAmedia xəbər verir ki, qəbulda vətəndaşlarla yanaşı İcra Hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb və ölkəmizdə həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolunu qeyd edib. Bildirilib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində də abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, onların müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən müvafiq iş ilə təmin olunmasından, yaşadıqları mənzillərin sənədləşdirilməsindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün qeyri-yaşayış sahəsinin açılmasına köməklik göstərilməsindən, yaşadığı mənzilin özəlləşdirilməsindən, mənzil ilə təmin olunmasından və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri ilə bağlı onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.









