Naxçıvan Şəhəri “Şəhərlərdə Ağaclar” təşəbbüsünə qoşulub
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Meşə və Bioiqtisadiyyat Bölməsinin təşkilatçılığı ilə keçirilən Merlərin Forumunda (Forum of Mayors) iştirak edib.
ERAmedia xəbər verir ki, tədbir zamanı İcra Hakimiyyəti başçıları onlara təqdim olunan iki istiqamət üzrə təşəbbüsə qoşulublar. Onlar şəhərlərində ağac əkilməsi ilə bağlı öhdəlik götürüb və eyni zamanda həyata keçirilən yaşıllaşdırma layihələri barədə çıxış ediblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev UNECE-nin ağacəkmə və şəbəkələşmə təşəbbüslərinə dəstək olaraq öz öhdəliyini təqdim edib və şəhərdə həyata keçirilən yaşıllaşdırma tədbirləri, yeni istirahət parklarının salınması və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər barədə məlumat verib.
Forum çərçivəsində nümayiş etdirilən simvolik ağacda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı öz “and kartını” ağaca asaraq UNECE-nin “Trees in Cities Challenge” təşəbbüsünə rəsmi şəkildə qoşulub. Tədbirin sonunda Şəhər İcra Hakimiyyətinin başçısına UNECE tərəfindən xatirə lövhəsi və öhdəlik nüsxəsi təqdim olunub.
Bu təşəbbüs Naxçıvanda həyata keçirilən ekoloji layihələrin beynəlxalq miqyasda təqdimatı və şəhərin dayanıqlı inkişafı istiqamətində atdığı addımların tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Forum çərçivəsində həyata keçirilən “Andınızı əkərək həyata keçirin – Şəhərlərdə Ağaclar təşəbbüsü” (Plant your pledge – Trees in Cities) kampaniyası şəhərlərin yaşıllaşdırılması və ekoloji davamlılığın təşviqini hədəfləyir.