Naxçıvan şəhərində “Bilik günü” qeyd olunub
ERAmedia xəbər verir ki ,15 sentyabr – Bilik günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərində şagirdlərlə görüşüblər.
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər 5 nömrəli və Naxçıvan Qarnizonu tam orta məktəblərində müəllimlər, şagirdlər və onların valideynləri ilə görüşən rəsmi şəxslər yeni dərs ilinin başlanması münasibətilə kollektivlərə təbriklərini çatdırıb, məktəblilərə təhsillərində uğurlar arzulayıblar. Qeyd olunub ki, bu gün dövlətimiz tərəfindən təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tədris mühitinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlərin nəticəsidir ki, muxtar respublikada tədrisin səviyyəsi yüksəlir, məzunlarımız ildən – ilə uğurlu nəticələr əldə edirlər.
Görüşlərdə məktəblilərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və müasir biliklərə yiyələnməyinin önəmi vurğulanıb, valideynlərə övladlarının təhsil aldığı məktəblərlə sıx əlaqələrin qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, Bilik Günü münasibətilə müəssisələrdə təhsil alan şəhid övladları ilə də görüşlər təşkil olunub.
Məlumat üçün bildirək ki, 2025–2026-cı tədris ilində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 15 min 470 şagird təhsil alacaq. Yeni tədris ilində 824 uşaq məktəbəhazırlıq qruplarına, 1242 şagird isə birinci sinflərə qəbul olunub.