Naxçıvan şəhərində sakinlərin səyyar qəbulu keçirilib-FOTO
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib. Qəbulda icra hakimiyyətinin əməkdaşları və tabelikdə olan qurumların rəhbərləri iştirak ediblər.
ERAmedia xəbər verir ki, qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Cabbar Musayev çıxışında Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılmasının prioritet olduğunu vurğulayıb. O bildirib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan şəhərinin turizm və məşğulluq potensialına mühüm töhfə verəcək.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə təşəkkür ediblər.










