Naxçıvan şəhərində şəhid övladları üçün bayram tədbiri keçirilib
Naxçıvan şəhərində şəhid övladları üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri təşkil olunub. Tədbir iş adamı Səfər Əlirzayevin dəstəyi ilə baş tutub.
ERAmedia xəbər verir ki ,tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, muxtar respublikanın dövlət və hökumət nümayəndələri, şəhid və qazi ailələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları xüsusi mövqedən söz açıblar.
Bayram proqramı çərçivəsində tanınmış müğənnilərin ifasında vətənpərvərlik ruhunda və bayram əhval-ruhiyyəli musiqi nömrələri səsləndirilib.
Tədbirin sonunda şəhid övladlarına təşkilatçılar tərəfindən Yeni il hədiyyələri təqdim olunub. Bu cür tədbirlərin keçirilməsi cəmiyyətimizdə sosial həmrəyliyin möhkəmləndirilməsinə və vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə mühüm töhfə verir.










