Naxçıvan şəhərində “Suverenlik yürüşü” - FOTO
Sentyabrın 18-də Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində möhtəşəm bir tədbir – “Suverenlik yürüşü” təşkil olunub.
ERAmedia xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə baş tutan yürüş Əlahiddə Ümumqoşun Ordunun Hərbi Orkestrinin müşayəti ilə Zəfər Parkından başlayaraq şəhərin mərkəzi meydanında yerləşən Heydər Əliyev Muzeyinin qarşısına qədər davam edib. Keçirilən yürüşdə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantları, tələbələr, gənclər, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Yürüş iştirakçıları Azərbaycan Respublikasının Dövlət bayraqları ilə şəhərin mərkəzi küçələrində addımlayaraq dövlətin suverenliyi, müstəqilliyin qorunması və milli birliyin gücləndirilməsi istiqamətində həmrəylik nümayiş etdirib, şəhidlər və vətənpərvərlik haqqında şüarlar səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixdə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncamla dövlətimizin suverenliyinin möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və cəmiyyətin bütün sahələrində müstəqillik prinsiplərinin inkişaf etdirilməsi ilə bağlı mühüm istiqamətləri müəyyənləşdirmişdir.
20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür. Bu günün dövlət səviyyəsində qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir.
Bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür, xalqımız isə azad və müstəqil gələcəyini öz əlləri ilə qurur. Dövlət Suverenliyi Günü bu həqiqətlərin rəsmi təsdiqi, xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür.
Yürüşün sonunda şəhərin mərkəzi meydanında iştirakçılar bir daha ölkənin gələcəyi naminə həmrəylik nümayiş etdirərək suverenliyin hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs dəyər olduğunu vurğulayıblar.