Naxçıvan şəhərində “Zəfər Günü” ərəfəsində şəhid ailələri ziyarət edilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid Abdullazadə Tağı İlham oğlu, şəhid Qasımov İbrahim Malikəjdər oğlu, şəhid Həsənov Sadiq Əli oğlu, şəhid Cəmiyev Aşur Bəybəla oğlu və şəhid Məmmədov Araz Qəhrəman oğlunun ailələrini ziyarət edib.
ERAmedia xəbər verir ki, görüş zamanı Cabbar Musayev şəhid ailələri ilə səmimi söhbət apararaq onların gündəlik həyat və qayğıları ilə maraqlanıb. O, şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlığın xalqımızın tarixinə silinməz iz qoyduğunu və gənc nəsil üçün nümunə olduğunu vurğulayıb.
İcra başçı qeyd edib ki, şəhidlərimizin Vətən uğrunda göstərdiyi fədakarlıq xalqımızın qəlbində əbədi yaşayacaq. Onların xidmətləri yalnız indi deyil, gələcək nəsillər üçün də örnək olacaq. Şəhidlərin xatirəsinin uca tutulması və xidmətlərinin qiymətləndirilməsi cəmiyyətimizin borcudur.
Ailələrə şəhidlərin şəhid olduqları məkanları əks etdirən fotolar təqdim olunub və bu, ailələr tərəfindən böyük qürur və dərin hisslərlə qarşılanıb. Hər bir foto, qəhrəmanların Vətən uğrunda göstərdikləri fədakarlığın unudulmaz olduğunu bir daha nümayiş etdirib.
Görüş zamanı şəhid Həsənov Sadiqin övladı Lalə pianoda ifa edərək qəhrəman atasını yad etdi və iştirakçılara dərin duyğu və qürur anları yaşadıb.
Şəhidlərin ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dövlətin və rəhbərliyin şəhid ailələrinə olan münasibəti həm mənəvi dayaq, həm də qürur mənbəyidir.
Görüşün sonunda şəhid ailələri ilə xatirə şəkli çəkdirilib. Cabbar Musayev bildirib ki, Vətənimizin azadlığı və bütövlüyü uğrunda canını fəda edən qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin ən önəmli prioritetlərindəndir. Onların rifahının qorunması və daim qayğı ilə əhatə olunması bundan sonra da davam etdiriləcəkdir.
Ziyarət zamanı Cabbar Musayevlə birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər.










