Naxçıvan Texniki Kollecində ilk dərs şəhid ailələri tərəfindən keçirilib
2025–2026-cı tədris ilinin başlanması münasibətilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində ənənəvi “ilk dərs” tədbiri təşkil olunub. Bu il tədbir daha da mənalı olmuş, dərs şəhid ailələrinin iştirakı ilə keçirilib.
ERAmedia xəbər verir ki, Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov tədbiri açaraq ilk dərsin mahiyyəti, ölkəmizdə vətənpərvərlik ruhunun aşılanması və gənc nəsildə vətən sevgisinin formalaşdırılmasının önəmi barədə geniş məlumat verib. O, tələbələri və müəllimləri təbrik edərək, yeni tədris ilində uğurlar arzulayıb və kollecin nizam-intizam qaydaları, dərs prosesində diqqət yetirilməsi vacib olan məsələlər haqqında danışıb.
Tədbirdə şəhid ailələri iştirak edib. Onlar öz həyat hekayələrini, övladlarının vətən yolunda göstərdikləri qəhrəmanlıqları tələbələrlə bölüşərək, gənc nəsilləri vətənpərvər olmağa çağırıblar.
Valideynlər tələbələrlə səmimi söhbət apararaq, gənc nəslin vətənə bağlı, milli ruhda tərbiyə olunmasının vacibliyini vurğuladılar. Onlar uşaqlarının göstərdiyi qəhrəmanlıqları və vətən yolunda etdikləri fədakarlıqları xatırladıblar.
Tədbirin məqsədi yalnız tədrisi başlamaq deyil, həm də gənc nəsildə vətənpərvərlik duyğusunu gücləndirmək, milli şüurun inkişafını təmin etmək və şəhid ailələrinə hörmət və ehtiramı göstərmək idi. Tədbir zamanı tələbələr diqqətlə valideynlərin sözlərini dinləyərək, gələcəkdə vətənə xidmət etməyə hazır olduqlarını nümayiş etdiriblər.
Belə tədbirlər kollecin ənənələrinin bir hissəsi olaraq, həm təhsil sahəsində, həm də mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Gənc nəsillərin vətən sevgisi ilə böyüməsi, onların şəhidlərimizin ruhuna hörmət etməsi və Azərbaycanın gələcəyinə töhfə verməsi üçün bu cür görüşlərin davam etdirilməsi vacib hesab olunur.