Naxçıvan Texniki Kollecinin 100 illiyi münasibətilə viktorina keçirilib
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində kollecin 100 illik yubileyi münasibətilə Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimlərinin təşəbbüsü ilə ixtisaslararası viktorina təşkil olunub.
ERAmedia xəbər verir ki, tədbiri giriş sözü ilə kollec direktoru Asəf Ruşanov açaraq kollecin yaranma və inkişaf tarixi, təcrübəli kadrların hazırlanmasında böyük rol oynaması və bu kimi bilik yarışlarının tələbələrin iqtisadi və peşə yönümlü biliklərinin artırılmasına mühüm töhfə verdiyini bildirib. Direktor həmçinin vurğulayıb ki, viktorinanın təşkilində məqsəd tələbələrin fənlərarası biliklərini möhkəmləndirmək, məntiqi düşünmə və komandada işləmə bacarıqlarını inkişaf etdirməkdir.
Yarışda kollecin müxtəlif təhsil istiqamətlərini təmsil edən 5 ixtisas üzrə tələbə komandaları iştirak edib. Müsabiqə müddətində iştirakçılara təqdim olunan suallar müxtəlif yönlü olub. Suallar kənd təsərrüfatı sahəsində müasir texnologiyalar, iqtisadiyyatın əsas prinsipləri, istehsalat prosesi, ekoloji yanaşmalar, həmçinin ümumi dünyagörüşü və məntiqi düşüncə ilə bağlı mövzuları əhatə edib. Bu da tələbələrə biliklərini həm öz ixtisasları daxilində, həm də digər fənlərlə əlaqəli şəkildə nümayiş etdirməyə imkan yaradıb.
Yarış gərgin rəqabət şəraitində keçib, komandalar verilən tapşırıqlara operativ və düzgün cavab vermək üçün öz bilik və təcrübələrini ortaya qoyublar. Nəticə etibarilə, yüksək nəticə göstərən komandalar müəyyən edilib.









