Naxçıvan və Urumçi şəhərləri arasında əlaqələr genişləndirilir
19 noyabr 2025-ci il tarixdə qardaşlaşmış şəhərlər olan Naxçıvan və Urumçi arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı onlayn formatda görüş keçirilib.
ERAmedia xəbər verir ki ,Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərinin rəsmi nümayəndələri iştirak ediblər.
Görüş zamanı tərəflər arasında sənaye, ticarət və investisiyalar sahələrində qarşılıqlı əməkdaşlığın qurulması üzrə müzakirələr aparılıb, mümkün investisiya istiqamətləri və imkanları üzrə təkliflər təqdim edilib, əməkdaşlığın genişləndirilməsi üzrə növbəti addımlar razılaşdırılıb. Tərəflər həmçinin cari ilin dekabr ayı ərzində Urumçi və Naxçıvan sahibkarlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan biznes və investisiya forumu ilə bağlı müzakirələr aparıb, tədbir ilə bağlı təşkilati məsələlər razılaşdırılıb.
Görüşün yekununda tərəflər qardaşlaşmış şəhər münasibətlərinin növbəti mərhələlərdə təhsil, sosial və mədəni sahələrdə də sistemli şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıblar.










