Naxçıvançay, Gilançay və Ordubadçaydan sel keçib
Muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri baş verib.
ERAmedia-ya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Naxçıvançay (Qarababa), Gilançay (Nurgüt) və Ordubadçay (Nüsnüs) hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylarda sel sularının keçməsi qeydə alınıb.
Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli sel daşqınları müşahidə olunub. Mövcud hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artması ehtimalı qalmaqdadır. Əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmaq tövsiyə edilir.









