Naxçıvanın relikt bitkilərindən bəhs edən kitab çap olunub
Botanika İnstitutu və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüsü ilə “Naxçıvan Muxtar Respublikası florasının relikt bitkiləri” adlı yeni kitab nəşr olunub. Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşr regionun zəngin bitki örtüyünün öyrənilməsi istiqamətində mühüm addımdır.
ERAmedia xəbər verir ki, kitabın müəllifləri professor Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktorları Mürsəl Seyidov, Elsəvər Əsədov və Hilal Qasımovdur. Elmi redaktorları akademik Tariyel Talıbov və professor Munir Öztürkdür.
Müəlliflər tərəfindən kitabda Naxçıvan Muxtar Respublikası florasına aid relikt bitkilərin yaranma tarixi, yayılma arealları, ekoloji xüsusiyyətləri və müasir vəziyyəti, həmçinin relikt bitkilərin morfoloji xüsusiyyətləri, polimorfizmi, miqrasiya prosesləri və region florasının formalaşmasında rolu kimi mühüm məlumatlar təqdim olunub.
Yeni nəşr botanika, geobotanika və biocoğrafiya sahəsində çalışan alimlər, tədqiqatçılar, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün dəyərli elmi mənbə hesab olunur.









