media-17815215513438949406_1200x630

Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək azərbaycanlı döyüşçü Nazim Sadıxov paytaxta gəlib.

ERAmedia xəbər verir ki, yüngül çəkidə çıxış edən idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri və yaxınları qarşılayıblar.

Bakıya qayıtmasından məmnunluğunu ifadə edən N.Sadıxov hazırlıq prosesinin son mərhələsinə qədəm qoyduqlarını bildirib: “Yenidən Bakıda olmaqdan çox xoşbəxtəm və növbəti dəfə tarix yazmağa hazıram. Qarşıda bizi on günlük gərgin iş gözləyir və bu hazırlığı ən yüksək səviyyədə başa çatdırmaq niyyətindəyik”.

Döyüşçü ötən il Azərbaycanda keçirilən UFC turnirindəki uğurlu çıxışını xatırladaraq, bu dəfə daha yüksək hədəflər qarşısına qoyduğunu vurğulayıb: “Ötən il mənim üçün çox uğurlu keçdi. Lakin bu dəfə daha yaxşı çıxış etmək, hər şeyi daha möhtəşəm və yaddaqalan etmək istəyirəm”.

“Qara Canavar” ləqəbli idmançı dəstəyə görə azarkeşlərə təşəkkür edib və onları turniri izləməyə dəvət edib: “Qara Canavar evinə qayıdıb. Sizi möhtəşəm döyüş gecəsi gözləyir. Azarkeşlərə yaddaqalan performans göstərərək yenidən tarix yazmağa çalışacağam”.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəkidə çıxış edən Şarabutdin “Shara Bullet” Maqomedov braziliyalı Mişel Pereyra ilə qüvvəsini sınayacaq.

Turnir çərçivəsində daha bir azərbaycanlı döyüşçü Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.


media-adspc

Bənzər xəbərlər