Nazir: Miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır
Dekabrın 20-də “Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci illik Beynəlxalq Konfransı” keçirilib.
ERAmedia xəbər verir ki, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev baş ağrılarının idarə olunmasının tarixi tibbin inkişaf yolunu tam əks etdirdiyini diqqətə çatdırıb: “Min illər əvvəl baş ağrısı tibbi hal kimi deyil, mistik bir hadisə kimi hesab edilirdisə, bu gün klinik nevroloji problem kimi deyil, əhəmiyyətli ictimai səhiyyə məsələsi kimi qiymətləndirilməlidir. Onun geniş yayılması, yüksək əlillik yükü, sosial iqtisadi təsirləri miqrenin müasir səhiyyə siyasətinin diqqət mərkəzinə gətirir. Miqrenin ictimai səhiyyə problemi kimi qəbul edilməsi bir neçə strateji yanaşmanı zəruri edir. İlk növbədə, miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır”.
Dekabrın 19-da Səhiyyə Nazirliyində bir sıra qabaqcıl mütəxəssislərlə görüş keçirildiyini qeyd edən nazir bildirib: “Tam əminliklə deyə bilərik ki, artıq miqrenin respublikamızda idarə olunmasına dair yol xəritəsinin hazırlanması barədə ilkin müzakirələr aparılıb. Belə ki, ilkin mərhələdə ən mütləq amil kimi ölkəmizdə dünya praktikasına əsaslanan, ən müasir müalicə və diaqnostika metodlarını özündə əks etdirən milli protokolun qəbul edilməsi əsas götürülüb. Bundan sonra ölkəmizdə müasir müalicə üsullarının əlçatanlığını təmin etmək məqsədilə ən qabaqcıl dərman vasitələri və digər üsulların ölkəmizdə sürətli şəkildə qeydiyyatdan keçirilməsi və əhalinin bu müalicələrə əlçatanlığını təmin etmək mövzusu müzakirə olundu. Növbəti mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfinə xroniki miqrenin idarə olunmasının da daxil edilməsi məsələsi gündəmə gəlir. İnanıram ki, növbəti bir il – il yarım ərzində bu istiqamətdə ciddi irəliləyişlərə nail olacağıq. Eyni zamanda, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. İlkin səhiyyə xidmətində çalışan tibb işçiləri miqrenin erkən əlamətlərini tanımalı, düzgün yönləndirmə və ilkin müalicə aparmaq imkanına malik olmalıdır. Həmin yanaşma ixtisaslaşmış xidmətlərə düşən yükü də xeyli azaldır”.
Nazir əlavə edib ki, müasir dövrdə rəqəmsal səhiyyə həlləri və sağlamlıq məlumat sistemləri də miqrenin ictimai səhiyyə səviyyəsində idarə olunmasına yeni imkanlar yaradır. Epidemioloji məlumatların toplanması, xəstə yükünün ölçülməsi və xidmətlərin effektivliyinin qiymətləndirilməsi sübuta əsaslanan siyasi qərarların qəbuluna imkan verir.
Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü professor Məsud Aşina, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov həmin patologiyanın təkcə tibbi deyil, sosial-iqtisadi cəhətdən ciddi problem olduğunu, insanların həyat keyfiyyətinə və gündəlik fəaliyyətinə təsir göstərdiyini qeyd ediblər. Bildirilib ki, konfransda aparılan müzakirələr, müxtəlif yanaşmalar, bilik və təcrübə mübadilələri xəstəliyin daha effektiv idarə olunması və müalicə edilməsi baxımından olduqca əhəmiyyətlidir. Konfransın əməkdaşlığın güclənməsinə və mühüm elmi ideyaların paylaşılmasına imkan yaratdığını qeyd edən çıxışçılar tədbirin gənc həkim, mütəxəssis, rezident və tələbələr üçün çox məhsuldar və faydalı olacağına əminliklərini ifadə ediblər.
Konfrans sessiyalarla davam edib.









