media-1792741644241247445_1200x630

Rəqəmsal infrastrukturun sosial müdafiə sisteminin əsas fəaliyyət mexanizmlərindən birinə çevrilməsi konkret və ölçüləbilən nəticələrlə özünü göstərir.

ERAmedia xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən”SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Nazir bildirib ki, təkcə cari ilin 9 ayında nazirliyin elektron xidmətlərinə 5,4 milyon müraciət edilib, sosial təminat üzrə 200 min təyinat proaktiv qaydada aparılıb, əmək, məşğulluq və sosial müdafiə sahələri üzrə 590 min e-arayış verilib. Həmin dövrdə e-sosial.az portalından 15 milyondan çox istifadə olunub. Ümumilikdə, 9 ayda Mərkəzləşdirilmiş Elektron İnformasiya Mərkəzinə edilmiş sorğu, müraciət və xidmət sayı 316 milyon olub.

Anar Əliyevin sözlərinə görə, sosial sahədə geniş elektronlaşma proqramı ölkəmizdə rəqəmsal transformasiya sahəsində həyata keçirilən vahid dövlət siyasətinin tərkib hissəsidir: “Son illərdə ardıcıl olaraq qəbul edilən “2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası” və “2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası” rəqəmsal transformasiyanı və süni intellektin tətbiqini ölkənin uzunmüddətli inkişafının əsas istiqamətləri kimi müəyyən edir. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyən edilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı sənədlər əsasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Sosial sahədə rəqəmsal transformasiyanın növbəti mərhələsi bu sahədə süni intellekt texnologiyalarının tətbiqidir. Əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, inzibati proseslərin avtomatlaşdırılması və vətəndaşlarla rəqəmsal qarşılıqlı əlaqənin inkişaf etdirilməsi prosesləri əhatə olunmaqla, süni intellektin tətbiqinin 4 əsas prioriteti müəyyən edilib”.

Nazir diqqətə çatdırıb ki, bu ilin aprelində əlilliyin qiymətləndirilməsi istiqamətində tibbi məlumatların təhlilinə və qiymətləndirmə prosesinin dəstəklənməsinə xidmət edən süni intellekt əsaslı həll tətbiq olunub.

“Vətəndaşlarla rəqəmsal qarşılıqlı əlaqənin təkmilləşdirilməsi istiqamətində 2026-cı ilin yanvarında istifadəyə verilən “iDOST” süni intellekt əsaslı rəqəmsal köməkçi sosial xidmətlərlə bağlı sualların operativ cavablandırılmasına və vətəndaşların uyğun xidmətlərə yönləndirilməsinə dəstək verir. Eyni zamanda, məşğulluq sahəsində, əmək bazarı məlumatlarının təhlili, vakansiyalarla namizədlərin bacarıqlarının uyğunlaşdırılması və karyera planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətlərində süni intellekt və məlumat analitikasının tətbiqi prioritetlərimizdən biridir. İnzibati proseslərdə isə sənədlərin təhlili, məlumatların təsnifləşdirilməsi, uyğunsuzluqların müəyyən edilməsi və risklərin qiymətləndirilməsi imkanlarının qeyd olunan tətbiqlər əsasında inkişaf etdirilməsi nəzərdə tutulur. Rəqəmsal transformasiya prosesində əsas prioritetlərdən biri də dövlət xidmətlərinin vətəndaşların real ehtiyaclarına uyğunlaşdırılması və xidmətlərin təqdim olunmasında fərdi yanaşmanın gücləndirilməsidir. Bu baxımdan, dövlət xidmətlərində şəffaflığın, operativliyin və səmərəliliyin artırılması məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə DOST Agentliyi yaradılıb. DOST mərkəzlərində 164 növ dövlət xidmətinin vahid məkanda və “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi vətəndaşların əmək və sosial müdafiə sahələrində xidmətlərdən daha rahat, çevik və operativ şəkildə yararlanmasına şərait yaradır. Vətəndaşyönümlü xidmət modelinin inkişafı və müraciət proseslərinin sadələşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq, mərkəzlərdə göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Həmin yanaşma xidmətlərin əlçatanlığının artırılmasına, vaxt itkisinin azaldılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. DOST modelinin uğurlu təcrübəsi beynəlxalq səviyyədə də maraq doğurur. Moldova, Özbəkistan, Serbiya və bir sıra digər ölkələr tərəfindən DOST konsepsiyasının öyrənilməsinə, onun institusional və praktiki xüsusiyyətlərinin araşdırılmasına maraq göstərilməsi Azərbaycanın sosial xidmətlərin təşkili sahəsində təcrübəsinin beynəlxalq əhəmiyyətini nümayiş etdirir. Vətəndaş məmnunluğuna, xidmətlərin əlçatanlığına, şəffaflığa və operativliyə imkan yaradan DOST modelinin beynəlxalq səviyyədə tanıdılması və bu təcrübənin digər ölkələrdəki həmkarlarımızla paylaşılması da bizim üçün mühüm önəm kəsb edir”, – deyə Anar Əliyev vurğulayıb.


media-adspc

Bənzər xəbərlər