NDU – da konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində 2025-2026-cı tədris ilinin birinci yarısında keçiriləcək istehsalat təcrübəsinin başlanğıc konfransı olub.
ERAmedia xəbər verir ki, konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev çıxış edərək, ali təhsil ocağında çoxşaxəli kadr hazırlığından danışıb. Tələbələrin ixtisaslı mütəxəssis kimi formalaşması üçün görülən işlər sırasında qurulan əməkdaşlıqlar çərçivəsində onlara geniş təcrübə imkanlarının da təklif olunduğunu bildirib. Rektor təcrübə mərhələsinin əhəmiyyətindən bəhs edib və sahə üzrə bilikləri daha da möhkəmləndirmək, praktiki təcrübə qazanmaq baxımından olduqca vacib olduğunu söyləyib. Universitet ilə təcrübələrin təşkil olunduğu təcrübə bazaları arasında imzalanmış əməkdaşlıq müqavilələri sırasında tələbələrə klinik bazalarda da maneəsiz təcrübə keçmək imkanının yaradıldığı diqqətə çatdırılıb.
Tədrisin təşkili şöbəsinin müdiri Aynurə Seyidova təcrübələrin təşkil olunması zamanı qarşıda duran tələb və vəzifələrdən söz açıb. Vurğulayıb ki, bu mərhələ dövlət təhsil standartlarına uyğun olaraq aparılır və təhsil proqramlarının mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Aynurə Seyidova payız semestri müddətində istehsalat təcrübəsində olacaq qruplar haqqında məlumat verib. Bildirilib ki, “Tibb” ixtisası üzrə VI kursda təhsil alan 82 tələbə, “Baytarlıq təbabəti” üzrə isə V kursda təhsil alan 13 tələbə təcrübədə iştirak edəcək. Ümumilikdə 6 qrupa bölünən “Tibb” ixtisasının tələbələrindən bir qrupu Bakı şəhərində, digər 5 qrup isə muxtar respublikada fəaliyyət göstərən tibb müəssisələrində olacaq. “Baytarlıq təbabəti” ixtisası üzrə təcrübə keçən tələbələrdən 2 nəfər Türkiyə Respublikasında, digər tələbələr isə Naxçıvan şəhərində fəaliyyət göstərən müəssisələrdə təcrübə keçəcəklər.
Tədbirdə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədovun və Tibb fakültəsinin dekan müavini Ənvər İbrahimovun da çıxışları dinlənilib. Natiqlər bildiriblər ki, təcrübə mərhələsi tələbələrə nəzəri biliklərini praktikada tətbiq etmək, sahə üzrə bacarıqlarını inkişaf etdirmək və gələcək karyeralarına daha hazırlıqlı başlamaq imkanı qazandırır.