media-videoedited
media-1760969299483438509_1200x630
media-shehidler_olmez_baner_full

Oktyabrın 20-də Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Prezident təqaüdçüsü, tanınmış şair Mahirə Hüseynovanın 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

ERAmedia-ya NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, tədbirdən öncə universitetin Konservatoriyasının önündə “Şərur” Xalq Yallı Ansamblının ifasında yallı xalq rəqsləri təqdim olunub.

Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovun moderatorluğunda keçirilən tədbirdə professor Mahirə Hüseynovanın həyatı, elmi və bədii yaradıcılığına dair məlumatlar diqqətə çatdırılıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dəyərli elm xadimi Mahirə Hüseynovanı zəngin elmi irsi, səmərəli pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə seçilən alim olaraq səciyyələndirib. Qeyd edilib ki, o, uzun illər Azərbaycan dilçiliyinin inkişafında xidmətləri olan dəyərli pedaqoq, tanınmış ictimai xadim və şairdir. Rektor Naxçıvan Dövlət Universitetinin “Fəxri professor”u Mahirə Hüseynovaya ali təhsil ocağına verdiyi töhfələrə görə təşəkkürünü bildirib, həmçinin dəyərli alim Mahirə Hüseynovanın NDU-da keçirilən tədbirlərdə iştirakını əks etdirən foto və məlumatların yer aldığı xatirə kitabı və rəsm əsəri hədiyyə edib.

Elbrus İsayev yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edib, cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Sonra yubilyarın elmi və pedaqoji fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Mahirə Hüseynovanın bədii yaradıcılığından nümunələri yada salaraq, ideya, dil və üslub xüsusiyyətlərindən söz açıb.

Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova dilçi alimin elmi-nəzəri baxışlarından danışıb, seçilmiş şeirlərini səsləndirərək yubilyarın müasir Azərbaycan filologiya elmində və poeziyasında öz dəst-xəti ilə seçildiyini diqqətə çatdırıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova isə bir çox elmi əsərlərin və bədii kitabların müəllifi olan Mahirə xanımın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edib, şeirlərindən parçalar səsləndirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov , Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış ediblər. Natiqlər yubilyara təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər. AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası adından professor Mahirə Hüseynovanın çoxşaxəli elmi fəaliyyəti yüksək dəyərləndirilərək, fəxri fərmanlar təqdim olunub.

Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Qızıl qələm”, “İlin alimi” Media Mükafatı Laureatı kimi bir çox diplom və mükafatlara layiq görülən dilçi professor Mahirə Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Tədbir universitetin tələbələrinin və “Turan” Ansamblının təqdimatında bədii proqramla davam edib. Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova “Mən bu ömrü elə belə yaşadım” və “Azərbaycan” mahnılarını səsləndirib.


media-adspc

Bənzər xəbərlər