Neftin qiymətində artım var
ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni və əhatəli hərbi əməliyyatların keçiriləcəyini bəyan etməsi, Hörmüz boğazında neftlə dolu tankerin raket zərbəsi ilə vurulması (tankerin hansı dövlətə məxsus olduğu və nə qədər neft daşıdığı araşdırılır) və İranın pilotsuz uçan aparatları (PUA) ilə Küveytə genişmiqyaslı hərbi hücumu dünya enerji bazarında neftin qiymətinin bahalaşmasının yeni mərhələsinin başlamasına səbəb olub.
ERAmedia xəbər verir ki, London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 92,12, WTI 84,61 dollara kimi artıb. Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti isə 100 dollara çatıb.
Dünya neft bazarının əsas təminatçısı olan Yaxın Şərq ölkələrində baş verən bu hadisələr bazarın tam həcmdə neftlə təmin olunmayacağını deməyə əsas verir ki, bu da treyderlərin qiymətləri artırmasına imkan yaradır. İstər geosiyasi, istərsə də digər amillərə görə bazarda tələb və təklif balansının pozulması qiymətə təsir göstərir. Bu halda isə bazara neft çıxarılması problemli hələ də qalır və təminat azaldıqca qiymətlər yüksəlir.
Neftin qiymətinin artmasının daha bir səbəbi də Yəmən husilərinin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına qarşı həyata keçirdikləri hərbi əməliyyatlardır. Körfəzin və Hörmüz boğazının təhlükəli olması ilə əlaqədar Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri az da olsa Qırmızı dəniz vasitəsilə neft ixrac edirdilər ki, burada da İrana bağlı husilər liman və yük gəmilərinə hərbi müdaxilə etməyə başlayıblar.
ABŞ ilə İran arasında anlaşmanın baş tutmaması yanacağın qiymətini daha da artıracaq. Lakin problem təkcə neftin qiymətinin bahalaşması ilə bitmir. Neftin bahalaşması istər-istəməz digər malların və xidmətlərin də bahalaşmasına səbəb olur və bu, ümumilikdə dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaranmasına gətirib çıxarır. Yanacağın baha olması istehlak mallarının, ərzağın, taxılın qiymətlərinin artmasına, inflyasiyanın yüksəlməsinə, milli valyutaların dəyərdən düşməsinə səbəb olur.
Bu böhran xüsusilə neft idxal edən ölkələrdə daha qabarıq şəkildə özünü göstərir. Avropa və Amerikada artıq benzin, dizel, elektrik enerjisi və qazın qiymətlərində artım müşahidə olunur.
Tərəflərin nə zaman bir araya gəlib sülhə razılaşacaqları məlum deyil. Hələlik isə qiymət artımı davam edir və bunun nə vaxt başa çatacağını zaman göstərəcək.










