Niyə müasir televizorlar köhnə modellərdən daha tez sıradan çıxır?
Bir çox istifadəçi qeyd edir ki, müasir televizorlar 10–15 il əvvəl istehsal olunan modellərlə müqayisədə daha az xidmət göstərir.
ERAmedia xəbər verir ki, Rusiya Texnologiya Universiteti – Moskva Radioelektronika, Elektronika və Avtomatlaşdırma İnstitutunun (RTU MİREA) Nanoelektronika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov bildirib ki, bunun səbəbi istehsalçıların qəsdən cihazların ömrünü qısaltması deyil, televizorların konstruksiyasının daha mürəkkəb olmasıdır.
Ekspertin sözlərinə görə, müasir televizorların daha tez sıradan çıxmasının əsas səbəblərindən biri komponentlərin miniatürləşdirilməsi və sıx yerləşdirilməsidir. Yeni modellərdə daha çox mikrosxem, prosessor və digər elektron modullar məhdud sahədə yerləşdirildiyindən istiliyin xaric olunması çətinləşir. Nəticədə yaranan müntəzəm qızma yarımkeçiricilərin, kondensatorların və digər detalların daha sürətlə köhnəlməsinə səbəb olur.
Aleksey Yurasov qeyd edib ki, televizorların daim gözləmə rejimində saxlanılması da onların xidmət müddətini azaldır. Müasir cihazların əksəriyyəti sutkanın 24 saatı elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qalır və bu da komponentlərin davamlı istilik və elektrik yükünə məruz qalmasına gətirib çıxarır.
Onun sözlərinə görə, müasir televizorlar proqram təminatından da ciddi şəkildə asılıdır. Bu gün televizor artıq yalnız görüntü göstərən cihaz deyil, daxili əməliyyat sistemi olan mürəkkəb elektron platformadır. Cihaz texniki baxımdan tam işlək olsa belə, proqram yeniləmələrinin dayandırılması və ya yeni tətbiq və xidmətlərin dəstəklənməməsi onu istifadəçilər üçün faktiki olaraq köhnəlmiş vəziyyətə sala bilər.
Professor vurğulayıb ki, müasir televizorlar əvvəlkilərdən daha keyfiyyətsiz deyil, sadəcə daha mürəkkəb funksiyalar yerinə yetirirlər. Onlar yüksək təsvir keyfiyyətini dəstəkləyir, “smart” funksiyalar təqdim edir, mürəkkəb multimedia məzmununu emal edir və internetlə daimi əlaqədə işləyirlər.
Mütəxəssis televizorun ömrünü uzatmaq üçün cihazın həddindən artıq qızmasının qarşısını almağı, havalandırmasının yaxşı olmasına diqqət yetirməyi və istifadə olunmadığı zaman onu uzun müddət gözləmə rejimində saxlamamağı tövsiyə edib.
Vüsalə










