media-bad1f13d-fb77-4799-91ee-7282e495f46f

Norveçin Təbiət və Texniki Elmlər Universiteti (NTNU) və London Universitet Kollecinin alimləri bəzi insanların aşağı tezlikli səs-küyə niyə daha həssas olduqlarını müəyyən ediblər.

ERAmedia xəbər verir ki, tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Söhbət tezliyi 16 Hz-dən aşağı olan səs dalğaları – infrasəsdən gedir. Belə səslər ventilyasiya sistemləri, istilik nasosları, külək turbinləri, transformatorlar, sənaye avadanlıqları və nəqliyyat vasitələri tərəfindən yarana bilər.

İnfrasəs adətən insan qulağı üçün eşidilməz hesab edilsə də, tədqiqatçılar bildirirlər ki, onun intensivliyi kifayət qədər yüksək olduqda insan onu hiss edə bilir.

Araşdırmanın müəllifləri müəyyən ediblər ki, infrasəs daxili qulaq tərəfindən adi səslərdən fərqli şəkildə emal olunur. Adi tezliklərin qəbulunda əsas rolu xüsusi tükcüklü hüceyrələr oynadığı halda, çox aşağı tezliklər zamanı daxili qulağın normalda eşitmə sisteminin həssaslığını tənzimləyən digər hüceyrələri aktivləşir.

Alimlərin sözlərinə görə, məhz bu mexanizm aşağı tezlikli səs-küyün adi səsdən daha çox uğultu və ya fiziki vibrasiya kimi hiss edilməsini izah edə bilər. Bundan əlavə, həmin sistemin fəaliyyətindəki fərqlər bəzi insanların infrasəsi demək olar ki, hiss etməməsinə, digərlərində isə onun ciddi narahatlıq yaratmasına səbəb ola bilər.

Tədqiqatçılar ümid edirlər ki, bu kəşf aşağı tezlikli səs-küyə yüksək həssaslığın səbəblərinin daha yaxşı anlaşılmasına və onun insanlara təsirini azaltmaq üçün yeni üsulların hazırlanmasına kömək edəcək.


media-adspc

Bənzər xəbərlər