media-17902302041644816691_1200x630

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası” mövzusunda XXXVII Yüksəksəviyyəli Görüşünün birinci günü keçirilib.

ERAmedia xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkil olunan ikigünlük toplantı dövlət və hökumət başçılarını, sabiq liderləri, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrini və ekspertləri bir araya gətirib.

Birinci gün Monteneqro Prezidenti Yakov Milatoviç, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və digər yüksəksəviyyəli şəxslər çıxış ediblər.

Çıxışlarda beynəlxalq sistemdə etimadın bərpası, çoxtərəfliliyin gələcəyi, beynəlxalq hüququn rolu, geosiyasi qarşıdurmalar, diplomatiya və qlobal səhiyyə sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. T.A.Qebreyesus qlobal təhdidlər qarşısında əməkdaşlığın və dövlətlər arasında etimadın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. M.A.Moratinos çoxqütblü dünyanın sülh üçün effektiv beynəlxalq institutlar və preventiv diplomatiya tələb etdiyini bildirib. T.Molçan Ukraynadakı müharibə, iqtisadi qeyri-müəyyənlik və iqlim risklərinin yaratdığı təzyiqlərə, Vu Hunbo isə suveren bərabərlik, beynəlxalq hüquq və çoxtərəflilik məsələlərinə toxunub.

Görüşün birinci günündə müzakirələr dörd əsas panel üzrə davam etdirilib.

“Güc siyasətinin geri qayıdışı və irəliyə doğru yol” mövzusunda paneldə dəyişən geosiyasi şərait, güc amilinin beynəlxalq münasibətlərə təsiri, mövcud münaqişələr, diplomatiyanın rolu və qlobal sabitliyin qorunması imkanları müzakirə olunub.

“Təzyiq altında çoxtərəflilik: beynəlxalq əməkdaşlığa yenidən baxış” mövzusunda paneldə beynəlxalq institutların dəyişən qlobal reallıqlara uyğunlaşdırılması, çoxtərəfli əməkdaşlığın effektivliyi və dövlətlər arasında etimadın bərpası ətrafında fikir mübadiləsi aparılıb.

“Borc, inkişaf və inkişaf etməkdə olan iqtisadiyyatların gələcəyi” mövzusunda paneldə artan borc yükü, inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxışı, beynəlxalq maliyyə sisteminin mövcud çağırışlara uyğunlaşdırılması və inkişafın maliyyələşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Paneldə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Ana Klaudiya Rossbax şəhərlərin və mənzil sektorunun maliyyələşdirilməsində mövcud çətinliklərdən danışıb. O, qarşıdakı onilliklərdə şəhərlərə gələcək təxminən iki milyard insanın ehtiyaclarının qarşılanması üçün dayanıqlı mənzil maliyyələşdirmə sistemlərinin yaradılmasının vacibliyini vurğulayıb.

Birinci günün digər paneli “Ambisiyadan yekun investisiya qərarınadək: COP31 iqlim öhdəliklərini necə investisiya imkanlarına çevirə bilər?” mövzusuna həsr olunub. Burada iqlim öhdəliklərinin konkret və maliyyələşdirilə bilən layihələrə çevrilməsi, özəl investisiyaların cəlbi, enerji, okeanlar, sıfır tullantı yanaşması və yeni texnologiyaların imkanları müzakirə edilib.

COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu, “Zero Waste Foundation”ın prezidenti Səməd Ağırbaş biznesin iqlim layihələrinə daha inamla sərmayə yatırması üçün əlverişli şəraitin yaradılmasının vacibliyini bildirib. O, süni intellekt də daxil olmaqla yeni texnologiyaların resurslardan daha səmərəli istifadəyə imkan verdiyini, COP31-in isə hökumətləri, investorları və biznesi bir araya gətirərək iqlim ambisiyalarını real investisiya imkanlarına çevirə biləcəyini qeyd edib.

XXXVII Yüksəksəviyyəli Görüş bu gün enerji təhlükəsizliyi, iqlim, süni intellekt və rəqəmsal suverenlik, çoxtərəfliliyin gələcəyi və qlobal səhiyyə məsələlərinə həsr olunan müzakirələrlə davam edəcək.


media-adspc

Bənzər xəbərlər