media-1ae1bc613417dc0e2d2a91fcbd497ff2

“Fiziologiya və tibb” və “Fizika” üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Bu gün isə Kimya üzrə Nobel mükafatının laureatlarının adları elan ediləcək.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında müsəlman dünyasından üç böyük alimin – Əhməd Zevayl, Əziz Səncər və Ömər Yaqinin Kimya üzrə Nobel mükafatına layiq görüldüyünü xatırladıb.

Etibar Əliyev 2014-cü ildə Bakıda keçirilən IV Humanitar Forum çərçivəsində yaşadığı maraqlı hadisəni də bölüşüb.

Onun sözlərinə görə, həmin forumun dəvətli qonaqlarından biri 2002-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüş Kurt Vyutrix olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Nobel laureatının tələbələr və professor-müəllim heyəti ilə görüşünü təşkil edib.

“Vyutrix özünün etdiyi kəşfi çox maraqlı şəkildə izah etdi. Görüşün sual-cavab hissəsində mən də ona bir sual ünvanladım. Sualım belə idi: Fizika üzrə Nobel mükafatı laureatı Şeldon Qleşou müsahibələrinin birində söyləyib ki, artıq Fizika elmi dalana düşüb. Əvvəlki böyük və daha səs-küylü kəşflər edilmir. Bəs Kimya elmi necə, dalana düşmə qorxusu varmı?” – deyə Etibar Əliyev bildirib.

Təhsil eksperti qeyd edib ki, Nobel laureatı suala dərhal cavab vermək əvəzinə auditoriyaya özü sual ünvanlayıb:

“Deyə bilərsinizmi, Fizikadan sonuncu ən böyük kəşfi kim etdi?”

Auditoriyadan verilən cavabda Piter Hiqqs və Fransua Enqlerin adı çəkilib. Onlar Hiqqs bozonunun mövcudluğunu nəzəri cəhətdən əsaslandırdıqlarına görə 2013-cü ildə Fizika üzrə Nobel mükafatına layiq görülüblər.

“Vyutrix gülümsəyərək dedi: ‘Bununla da Fizika elmi dalandan çıxdı. Narahatçılığa əsas yoxdur. Kimya isə heç vaxt dalana düşməyəcək’”, – Etibar Əliyev xatırladıb.

Onun sözlərinə görə, sonrakı illər bu fikrin maraqlı şəkildə təsdiqini göstərib. Belə ki, 2015-ci ildə Əziz Səncər Tomas Lindal və Pol Modriçlə birlikdə DNT-nin təmiri ilə bağlı mexanizmlərin tədqiqinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

“Bu gün Kimya üzrə Nobel mükafatının laureatlarının adı açıqlanacaq. Əsas sürprizlər isə cümə axşamı, cümə və şənbə günləri gözlənilir. Ədəbiyyat, Sülh və İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanacaq”, – deyə Etibar Əliyev əlavə edib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər