Nobel laureatı konsul işləyərkən hökumətə belə cavab verdi
Latın Amerikasında bir vaxtlar maraqlı bir ənənə olub: yalnız şairlər konsul və səfir təyin edilərmiş. Bu barədə təhsil eksperti Etibar Əliyev danışıb.
ERAmedia xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında ədəbiyyat üzrə Nobel mükafatı laureatı, çilili şairə Qabriela Mistralın diplomatik fəaliyyəti və onunla bağlı maraqlı hadisələrdən bəhs edib.
Onun sözlərinə görə, Mistral 1932-ci ildə Çilinin İtaliyadakı, 1934-cü ildə isə İspaniyadakı konsulu vəzifəsində çalışıb.
Etibar Əliyev qeyd edib ki, Mistralın Rapalloda konsul işlədiyi dövrdə vətəndaşlıqdan məhrum edilmiş və daim təhdidlərə məruz qalan çilili şair Pablo Neruda onun qonağı olub.
“Çili hökuməti bununla bağlı Mistraldan izahat tələb etdikdə cavabı belə olur: “Təkcə Nerudanı yox, mənim qapımı döyən hər bir çililini qəbul etmişəm və edəcəyəm””, – deyə ekspert bildirib.
Etibar Əliyevin sözlərinə görə, Mistralın İtaliyada olduğu vaxt Roma papası da onu qəbul etmək istəyib. Şairə isə bu dəvətə təəccüblə yanaşaraq “Bu sinyor mənim nəyimə gərəkdir?” deyib.
Lakin ona qəbula getmək təkid olunub. Görüş zamanı Papa yanına gələn digər insanlar kimi Mistrala da “Mən Sizin üçün nə edə bilərəm, mənim qızım?” sualını verib.
Etibar Əliyev yazıb ki, Mistral Papadan bütün Amerikada və öz ölkəsində istismar edilən hinduları müdafiə etməsini xahiş edib. Papa isə təəccüblə “Məgər Amerikada hələ hindular yaşayır?” deyə soruşub.
“Qəbulu yarımçıq tərk edən şairə əvvəlki fikrinin üstündə durur: “Mən sizə demədim ki, bu sinyor mənə lazım deyil?”” – deyə Etibar Əliyev qeyd edib.
Vüsalə










