media-7c7b1e66-08d8-4cdb-b909-5eb2b2ffc2ee

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Sol Bellounun “Hersoq” romanı yalnız akademik çevrələr üçün deyil, geniş oxucu auditoriyası üçün yazılmış dərin psixoloji və fəlsəfi əsərdir.

ERAmedia-ya danışan Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev bildirib ki, əsərin baş qəhrəmanı, universitet professoru Mozes Hersoq müasir insanın mənəvi böhranını, cəmiyyətlə və özü ilə yaşadığı ziddiyyətləri yüksək bədii ustalıqla nümayiş etdirir.

Onun sözlərinə görə, Hersoq dünyada baş verən ədalətsizliklərə qarşı mübarizə aparmağa çalışsa da, sonda həyatın gerçəkliklərini qəbul etməyin və insanın ilk növbədə özünü dərk etməsinin vacibliyini anlayır.

“Təkcə professorlar üçün yazılmayıb. Əksinə, insanın daxili aləmini, mənəvi sarsıntılarını və özünü axtarışını anlamaq istəyən hər bir oxucu üçün qiymətli əsərdir. Bellou göstərir ki, yüksək intellekt belə insanı həyatın ağrılarından sığortalaya bilmir”, – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, romanın ən təsirli məqamlarından biri Hersoqun özü ilə apardığı daxili dialoqdur. Onun fikrincə, qəhrəmanın “heç bir şey istəmirəm” qənaətinə gəlməsi məğlubiyyət deyil, daxili barışığın və mənəvi yetkinliyin ifadəsidir.

Etibar Əliyev bildirib ki, əsərin finalı da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 350 səhifə boyunca davam edən daxili mübarizənin sonunda Hersoq artıq uzun məktublara və izahlara ehtiyac duymur, özünü olduğu kimi qəbul edir və sükutun hikmətinə çatır.

“Təbiətdə portağal ağacının portağal verməsi necə təbiidirsə, insanın qəlbində də məhəbbət və müqəddəs hisslər eyni təbiiliklə yaranır. Bellou bu ideyanı son dərəcə incə psixoloji çalarlarla təqdim edir”, – deyə o əlavə edib.

Təhsil eksperti vurğulayıb ki, “Hersoq” İkinci Dünya müharibəsindən sonra yazılmış ən intellektual romanlardan biri hesab olunur və bu gün də aktuallığını qoruyur. Onun fikrincə, əsərin əsas üstünlüyü insanın özünü qəbul etməsi, daxili azadlığa qovuşması və bütün zəifliklərinə baxmayaraq özünə hörmət etməyi bacarması kimi ümumbəşəri dəyərləri ön plana çıxarmasıdır.


media-adspc

Bənzər xəbərlər