media-nobel

Nobel Sülh Mükafatı tez-tez mübahisələrə səbəb olur.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Tahir Mirkişili ABŞ Prezidenti Donald Trampın dəfələrlə məhz özünün bu mükafata layiq olduğunu bəyan etməsini nümunə göstərərək, Nobel Sülh Mükafatının nə dərəcədə siyasiləşə bildiyinə diqqət çəkib.

Deputatın fikrincə, təxminən bir əsr əvvəl XX əsrin ən nüfuzlu iqtisadçılarından biri hesab olunan Con Meynard Keyns ətrafında da, o qədər geniş rezonans doğurmasa da, oxşar müzakirələr aparılıb.

Keyns 1919-cu ilin dekabrında nəşr olunan və ona böyük şöhrət qazandıran “Sülhün iqtisadi nəticələri” adlı kitabından sonra Nobel Sülh Mükafatına üç dəfə namizəd göstərilib. O, iki dəfə Nobel Komitəsinin qısa namizədlər siyahısına daxil edilib və ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Buna baxmayaraq, mükafatı heç vaxt ala bilməyib.

Bunun səbəblərindən biri kimi Keynsin 1919-cu ildə imzalanmış Versal Sülh Müqaviləsini tənqid etməsi göstərilir. O hesab edirdi ki, Almaniyaya qarşı irəli sürülən ağır iqtisadi tələblər Avropanın gələcək sabitliyinə ciddi zərər vura bilər. Bu mövqe isə onu dövrünün siyasi mübahisələrinin mərkəzinə gətirib.

Birinci Dünya müharibəsindən sonra Keyns 1919-cu ildə Paris Sülh Konfransında Britaniya Xəzinədarlığının nümayəndəsi kimi iştirak edib. Həmin konfransda müharibədə qalib gəlmiş müttəfiq dövlətlər məğlub ölkələr üçün sülh şərtlərini müəyyənləşdirirdilər. Konfransın yekun sənədi Versal Sülh Müqaviləsi olub.

Keyns hesab edirdi ki, sülh müqaviləsi yalnız ədalət prinsiplərinə əsaslanmamalı, eyni zamanda Avropa ölkələrinin iqtisadiyyatlarının bərpasına və iqtisadi inteqrasiyasına şərait yaratmalıdır. Bu səbəbdən o, Almaniyadan alınacaq təzminatın ya ümumiyyətlə ləğv edilməsini, ya da məhdud məbləğdə müəyyənləşdirilməsini, eləcə də müharibə borclarının silinməsini təklif edirdi.

Lakin Paris Sülh Konfransında əsas diqqət yeni sərhədlərin müəyyənləşdirilməsinə, milli təhlükəsizliyə və məğlub dövlətlərin iqtisadi imkanlarının məhdudlaşdırılmasına yönəlmişdi. Bu yanaşmaya etiraz edən Keyns konfransı tərk edib. O, mövqeyini sonradan dünya miqyasında tanınmasına səbəb olan “Sülhün iqtisadi nəticələri” kitabında ətraflı şəkildə əsaslandırıb.

Keyns 1922, 1923 və 1924-cü illərdə Nobel Sülh Mükafatına namizəd göstərilib. Onun namizədliyinin Münhendən olan bir qrup alman professor tərəfindən irəli sürüldüyü bildirilir. Beləliklə, iqtisadçı üç dəfə namizəd olsa da, mükafata layiq görülməyib.

Bu tarixi hadisə Nobel Sülh Mükafatının seçim meyarları və siyasi amillərin qərarlara mümkün təsiri ilə bağlı müzakirələrə səbəb olur. Keynsin Versal Sülh Müqaviləsinə qarşı çıxması və Avropanın uzunmüddətli iqtisadi sabitliyini ön plana çəkməsi onun mükafatı ala bilməməsinin mümkün səbəblərindən biri kimi qiymətləndirilir.

1923 və 1924-cü illərdə Nobel Sülh Mükafatının heç kimə verilməməsi də həmin dövrün mükafat tarixində diqqətçəkən məqamlardandır. Bununla belə, mükafatın Keynsə verilməməsinin məhz siyasi səbəblərlə bağlı olduğunu təsdiqləyən qəti sübut olmadan bu məsələni tarixi ehtimal kimi qiymətləndirmək daha doğru olar.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər