Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanla münasibətlərdə böhranın qəbuledilməz olduğunu bəyan edib.
ERAmedia xəbər verir ki, parlamentin spikeri “Milliyet” qəzetinə müsahibəsində Türkiyə ilə Azərbaycan arasında birliyin tarixi proseslərin nəticəsi olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamını xatırladaraq deyib: “Dostluğumuz və qardaşlığımız bir gün ərzində formalaşmayıb ki, bəzi durumlarla ortadan qalxa bilsin”.
Türkiyə parlamentinin sədri Ankaranın Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini dəstəkləyən açıqlamalarını xatırladıb. Kurtulmuş qeyd edib: “Türkiyə 44 günlük müharibə zamanı işğal olunmuş torpaqların azad edilməsində Azərbaycana qeyd-şərtsiz dəstək nümayiş etdirdi”.
Parlamentin sədri Türkiyə-Azərbaycan dostluq qrupunun sədri (Şamil Ayrım – redaktorun qeydi) ilə telefon danışığı barədə məlumat verib. “Biz Azərbaycan dostluq qrupunun üzvü olan parlamentariləri Türkiyəyə dəvət etməyi müzakirə etdik. Bununla ikitərəfli münasibətlərdə sağlam ab-hava nümayiş etdirəcəyik və səlahiyyətli nümayəndələrin gündəmdə olan məsələləri nəzərdən keçirməsini təmin edəcəyik”, – deyə N. Kurtulmuş vurğulayıb. (AZƏRTAC)










