media-156142165_4406089496074848_2745105730405303182_n

15 sentyabr 1918-ci il Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun komandanı Nuri Paşanın müstəsna rolunu vurğulayıb.

Deputat bildirib ki, Bakının azad olunması Azərbaycan Xalq Cümhuriyyətinin real dövlət kimi mövcudluğunun təmin edilməsində həlledici əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, Nuri Paşanın komandanlığında Azərbaycana gələn Türk əsgərləri böyük fədakarlıq göstərərək ölkənin paytaxtını işğaldan azad edib və dövlət quruculuğu üçün mühüm şərait yaradıb.

Fazil Mustafa qeyd edib ki, Azərbaycan xalqının Qafqaz İslam Ordusunun şəhid olmuş əsgərlərinə və Nuri Paşaya qarşı vəfa borcu var. O, Nuri Paşanın xatirəsinin əbədiləşdirilməsinin, o cümlədən onun adının hərbi məktəblərdən birinə verilməsinin məqsədəuyğun olduğunu bildirib.

Deputat vurğulayıb ki, 15 sentyabr tarixinə daha böyük diqqət yetirilməli, bu hadisə gənc nəslə çatdırılmalıdır. Onun fikrincə, tarixdə Azərbaycan uğrunda fədakarlıq göstərən şəxslərin xidmətlərinin düzgün qiymətləndirilməsi milli yaddaş baxımından mühüm əhəmiyyət daşıyır.

Fazil Mustafa əlavə edib ki, Nuri Paşa Bakının azad edilməsindən sonra şəhərin Azərbaycan hökumətinə verilməsində də mühüm rol oynayıb. O, Nuri Paşanın Azərbaycanın müstəqilliyi üçün göstərdiyi xidmətlərin müxtəlif ittihamlarla kölgədə saxlanılmasını düzgün hesab etmədiyini deyib.

Deputat 15 sentyabrın yalnız tarixi hadisənin ildönümü kimi deyil, həm də Azərbaycan dövlətçiliyinə və ölkənin xilası uğrunda şəhid olanlara minnətdarlıq günü kimi qeyd edilməsinin vacibliyini vurğulayıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər