Nyu-York merinin mövqeyi reallığa və beynəlxalq hüquqa ziddir - Əliməmməd Nuriyev
Bir qrup Azərbaycan QHT nümayəndəsi olaraq, Nyu-York meri Zohran Kvame Mamdaninin X platformasında səsləndirdiyi fikirlərlə bağlı ona açıq məktub ünvanlamışıq. Müraciətdə vurğulamışıq ki, Nyu-York merinin bəyanatları qəbuledilməzdir və məsuliyyətsiz siyasi yanaşmanın nümunəsidir. Tarixi hadisələri təhrif edərək və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində həyata keçirdiyi suverenlik addımlarını sual altına almaq istər-istəməz dezinformasiya yaymaq deməkdir.
ERAmedia xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib. O deyib: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, mübahisə predmeti deyil. Bu, BMT səviyyəsində tanınmış hüquqi reallıqdır. Bu reallığı görməmək artıq mövqedən yox, ya məlumatsızlıqdan, ya da qərəzli yanaşmadan xəbər verir.
Daha narahatedici məqam isə odur ki, belə bəyanatlar təsadüfi deyil. Onlar illərdir regionda sülhə qarşı çıxan və revanşist gündəmi diri saxlamağa çalışan müəyyən dairələrin təsiri altında formalaşır. Bu, nə Nyu-York kimi qlobal şəhərin rəhbərinə yaraşır, nə də beynəlxalq məsuliyyət anlayışı ilə uzlaşır”.
Bu gün Cənubi Qafqazda yeni reallığın olduğunu vurğulayan Əliməmməd Nuriyev münaqişənin bitdiyini diqqətə çatdıraraq deyib: “Sülh prosesi başlayıb. Bu mərhələdə bu cür məsuliyyətsiz çıxışlar yalnız bir məqsədə xidmət edir – sülhə mane olmaq və gərginliyi yenidən qızışdırmaq.
Əgər tarixi ədalətdən danışılırsa, onda onu seçmə yanaşma ilə yox, bütöv şəkildə demək lazımdır. Xocalı faciəsi, illərlə davam edən işğal, viran qoyulmuş şəhərlər, məhv edilmiş məscidlər və bu gün də mina qurbanına çevrilən mülki insanlar – bunları görmədən “ədalət”dən danışmaq riyakarlıqdır.
Biz hesab edirik ki, belə yanaşma ilə çıxış edən bir şəxsin Nyu-York kimi şəhəri təmsil etməsi əlavə məsuliyyət tələb edir. Bu baxımdan, Xocalı qurbanlarının xatirəsinə Nyu-Yorkda abidə ucaldılması təşəbbüsü yalnız simvolik yox, həm də prinsipial ədalət mesajı ola bilər.
Bununla yanaşı, biz yenə də dialoqdan imtina etmirik. Lakin dialoq yalnız faktlara və reallığa əsaslandıqda mənalı olur. Biz meri bu reallıqlarla tanış etməyə hazırıq və bu mövzuda açıq, birbaşa müzakirəyə çağırırıq.










