Nyu-Yorkda yaşayan türklər merə və erməni yalanlarına etiraz etdilər
ABŞ-ın New York şəhərində yaşayan türk icmasının üzvləri Times meydanında toplaşaraq şəhərin meri Zohran Mamdaniyə etiraz ediblər.
ERAmedia xəbər verir ki, Türkiyə bayraqları və “Həqiqi tarixin izindəyik”, “Yalanlara yox” şüarları yazılmış plakatlar qaldıran aksiya iştirakçıları Mamdaninin tarixi faktları təhrif etdiyini və siyasi məqsədlər naminə türk icmasını hədəf aldığını bildiriblər.
Aksiya zamanı səsləndirilən bəyanatda Nyu-Yorkun multikultural quruluşuna diqqət çəkilərək, seçilmiş rəsmilərin icmalar arasında parçalanmaya səbəb ola biləcək açıqlamalardan çəkinməli olduqları vurğulanıb. Türk-Amerika təşkilatları adından çıxış edən nümayəndələr aşağıdakı məqamlara toxunublar.
Etiraz aksiyasında erməni iddialarının elmi və hüquqi əsaslardan məhrum olduğu, tarix məsələlərinin siyasətçilər deyil, müstəqil tarixçilər tərəfindən araşdırılmalı olduğu bildirilib.
Həmçinin Nyu-York kimi böyük şəhərdə vəzifə tutan şəxslərin bütün etnik qruplara bərabər yanaşmasının vacibliyi qeyd edilib.
Aksiyada Zohran Mamdaninin birtərəfli mövqeyinin türk icmasına qarşı nifrət ritorikasını gücləndirdiyi bildirilib.
Turistlərin və şəhər sakinlərinin maraq göstərdiyi aksiya insidentsiz başa çatıb. Etirazçılar ABŞ hakimiyyətini və yerli siyasətçiləri 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması çağırışlarını dəstəkləməyə, lobbi təsirlərindən kənar qərarlar verməyə səsləyiblər.
Türk icmasının nümayəndələri bu kimi dezinformasiya hallarına qarşı demokratik yollarla mübarizəni davam etdirəcəklərini bildiriblər.
Vural









