O 1 milyardlıq mirasını xanımına vəsiyyət etdi
Ölümündən sonra mirası ilə gündəmdə olan Türkiyə kinosunun əfsanəvi aktyoru Kadir İnanır bütün maddi və mənəvi hüquqlarını 27 illik həyat yoldaşı, aktrisa Jülide Kurala vəsiyyət edib.
ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnanırın vəkili Bişar Abdi Alınakın açıqlamasına görə, aktyor 2015-ci ildə hazırladığı vəsiyyətnaməni sonradan ləğv edib və 2022-ci ildə yeni vəsiyyətnamə hazırladıb.
Son vəsiyyətnaməyə əsasən, K.İnanır üç avtomobilini, daşınmaz əmlaklarındakı bütün hüquq və paylarını, bank və investisiya hesablarındakı vəsaitlərini, faiz gəlirlərini, kolleksiyalarını, sənət əsərlərini, maddi və mənəvi dəyəri olan əşyalarını Jülide Kurala verib.
Bundan başqa, Kadir İnanırın həyatından bəhs edən sənədli filmin çəkilməsi, onun adına dərnək, fond, park və ya sənət mərkəzinin yaradılması kimi təşəbbüslərə icazə vermək hüququ və bu layihələr üzrə müəlliflik hüquqları da Kurala vəsiyyət edilib.
Vəsiyyətnamədə Jülide Kuralın Kadir İnanırdan əvvəl vəfat etməsi halı da nəzərə alınıb. Bu halda mirasın İnsan Hüquqları Dərnəyi, Türkiyə İnsan Hüquqları Fondu və Nesin Fonduna bərabər şəkildə verilməsi istənilib.
K.İnanır vəsiyyətnaməsini bu sözlərlə tamamlayıb: “Mirasçılarımdan son istəyim və arzum vəsiyyətimə əməl etmələridir”.
Kadir İnanırın geridə qoyduğu mirasın ümumi dəyərinin təxminən 1 milyard Türkiyə lirəsi olduğu iddia edilir.
İstanbul, Ordu və digər bölgələrdəki daşınmaz əmlakların ümumi dəyərinin təxminən 650 milyon lirə olduğu, 25-dən çox lüks saat, qızıl alışqan, üzük və qələmlərdən ibarət şəxsi əşyaların isə təxminən 50 milyon lirə dəyərində olduğu bildirilir. Aktyorun illər ərzində dünyanın müxtəlif yerlərindən topladığı 3 mindən çox qurbağa fiqurundan ibarət kolleksiyasının dəyərinin də təxminən 35 milyon lirə olduğu qeyd edilir.
Kadir İnanırın kino və televiziya fəaliyyətindən irəli gələn müəlliflik hüquqlarının isə ölümündən sonra 70 il ərzində varislərinə gəlir gətirəcəyi və illik gəlirin orta hesabla 10 milyon lirə təşkil edə biləcəyi bildirilir.
Bundan əlavə, aktyorun bank hesablarında 200 milyon lirədən çox nağd vəsaitinin olduğu da iddia edilir.
Qeyd edək ki, Kadir İnanır bu ilin iyunun 26-sı 77 yaşında vəfat edib.










