media-1789106874626803180_1200x630

Şuşaya səfər edən bəzi turistlərin qayaların üzərinə müxtəlif adlar və yazılar həkk etməsi, haqlı olaraq ciddi ictimai narahatlıq doğurub. İlk baxışda adi bir məsuliyyətsizlik kimi görünən bu davranış, əslində, həm tarixi yaddaşımıza, həm də şəhidlərimizin müqəddəs xatirəsinə hörmətsizlikdir.

ERAmedia xəbər verir ki, bunu Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir deyib.

F.Nadir bildirib ki, Şuşanın qayaları bizim üçün adi daş deyil. O qayalar Azərbaycan əsgərinin qəhrəmanlıq yolunun şahididir. Qəhrəman oğullarımız həmin sıldırım qayaları dırmaşaraq, canlarından keçərək Şuşaya daxil olublar. Şəhidlərimizin qanı həmin qayalara, həmin torpağa tökülüb. Ona görə də həmin qayaların üzərinə kiminsə özünün, yaxud başqasının adını yazması və ya müxtəlif işarələr həkk etməsi yolverilməzdir. Şəhidlərin xatirəsini yaşatmaq öz adını onların keçdiyi qayalara yazmaqla deyil, onların uğrunda can verdiyi torpağa hörmətlə yanaşmaqla mümkündür.

Bu məsələ, eyni zamanda, tarixi və mədəni irsimizin qorunması baxımından da vacibdir. İşğaldan azad edilmiş ərazilərimizdə hər daşın, hər abidənin, hər tarixi məkanın gələcək nəsillərə olduğu kimi çatdırılması bizim borcumuzdur.

“Turist olmaq yalnız gəzmək və şəkil çəkdirmək deyil, həm də səfər etdiyin məkana və onun tarixinə məsuliyyətlə yanaşmaqdır. Şuşaya gedən hər bir insan anlamalıdır ki, orada gördüyü qayalar, küçələr və abidələr xalqımızın yaddaşının bir hissəsidir. Şuşanın daşlarına öz adımızı yazmağa yox, onların üzərindəki tarixi qorumağa ehtiyacımız var. Şəhidlərin xatirəsi müqəddəsdir. Bu müqəddəsliyi qorumağın ən doğru yolu isə Şuşanı olduğu kimi qorumaq, onun təbiətinə, tarixinə və mənəvi dəyərinə hörmət etməkdir”, – deyə Firuzə Nadir bildirib.


media-adspc

Bənzər xəbərlər