media-whatsapp-image-2026-07-31-at-09-58-13

Gülsüm Nərimanovanın həyat və ictimai fəaliyyəti ilə bağlı maraqlı tarixi məlumatlar yenidən ictimaiyyətin diqqətinə çatdırılıb.

ERAmedia xəbər verir ki, maarifçi və dövlət xadimi Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm Nərimanovanın fəaliyyəti yalnız ailə həyatı ilə məhdudlaşmayıb, o, uzun illər təhsil, sosial xidmət, elmi-tədqiqat və xeyriyyəçilik sahələrində də fəal rol oynayıb.

1898-ci ildə Bakıda, əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində dünyaya gələn Gülsüm xanım evdə təhsil alıb və rus dilini mükəmməl mənimsəyib. O, 1915-ci ildə Nəriman Nərimanovla ailə qurduqdan sonra ictimai fəaliyyətə qoşularaq qadınlar arasında maarifçilik işinin aparılması, siyasi maarifləndirmə və sosial layihələrin həyata keçirilməsində iştirak edib.

1921-ci ildə məktəbəqədər tərbiyə üzrə ilk xüsusi kursu bitirən Gülsüm Nərimanova sonrakı illərdə Moskvada təhsilini davam etdirib. O, Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında və Qaragül qoyunçuluğu institutunda oxuyaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşıb. Ezam olunduğu Sibir və Özbəkistan sovxozlarında istehsalat və elmi-tədqiqat işlərinə cəlb olunub, əldə etdiyi təcrübə əsasında kənd təsərrüfatına dair bir sıra kitabça və məqalələr qələmə alıb.

Nəriman Nərimanovun 1925-ci ildə vəfatından sonra onun elmi və ədəbi irsinin qorunmasına xüsusi diqqət yetirən Gülsüm Nərimanova arxiv materiallarını sistemləşdirərək Azərbaycan Dövlət Muzeyinə təhvil verib.

İkinci Dünya müharibəsi illərində hərbi hospitalda çalışan Gülsüm Nərimanova Sovet Qadınları Antifaşist Komitəsinin üzvü kimi də fəaliyyət göstərib. Radio ilə etdiyi çıxışların birində həyat yoldaşı haqqında yüksək fikirlər səsləndirərək onu həm qayğıkeş ailə başçısı, həm də xalqın azadlığı uğrunda mübarizə aparan görkəmli şəxsiyyət kimi xarakterizə edib.

Müharibə zamanı yeganə oğlu Nəcəf Nərimanovun Volnovaxa uğrunda döyüşlərdə həlak olmasına baxmayaraq, Gülsüm xanım xeyriyyəçilik fəaliyyətini davam etdirib. O, Moskva Qəyyumluq Şurasında və bir sıra uşaq evlərinin himayədarlıq şuralarında çalışaraq müharibədən zərər çəkmiş uşaqlara dəstək göstərib.

Göstərdiyi xidmətlərə görə müxtəlif təşəkkürnamə və mükafatlarla təltif olunan Gülsüm Nərimanova “Almaniya üzərində qələbəyə görə” medalı və “SSRİ-nin sanitar mühafizəsi əlaçısı” döş nişanı ilə də mükafatlandırılıb. O, 1953-cü ildə Moskvada vəfat edib və Vaqankovskoye qəbiristanlığında dəfn olunub.

Vüsalə


media-adspc

Bənzər xəbərlər