Okeanın dibində bənzəri olmayan yer – “İtirilmiş şəhər”də nələr var
Atlantik okeanının dərinliklərində, Orta Atlantika silsiləsindən qərbdə planetin ən qeyri-adi məkanlarından biri olan Lost City (“İtirilmiş şəhər”) adlı hidrotermal sahə yerləşir.
ERAmedia xəbər verir ki, bu ərazi 700 metrdən çox dərinlikdə okean dibindən ucalan nəhəng əhəngdaşı qüllə və sütunlar kompleksindən ibarətdir. Onların ən hündürü 60 metrə çatır ki, bu da təxminən iyirmimərtəbəli bina hündürlüyünə bərabərdir.
Alimlər hesab edirlər ki, məhz bu cür məkanlar Yer üzündə həyatın formalaşdığı beşiklərdən biri ola bilər.
Lost City 2000-ci ildə dərinlik aparatlarının köməyi ilə aşkarlanıb və o vaxtdan bəri unikal obyekt olaraq qalır. Dünya okeanında hələlik buna bənzər başqa bir yer tapılmayıb. Tədqiqatçıların qiymətləndirməsinə görə, burada hidrotermal aktivlik azı 120 min ildir davam edir və mümkündür ki, daha da qədim olsun. “İtirilmiş şəhər” vulkanizm və maqmatik istilik hesabına deyil, dəniz suyu ilə Yer mantiyasının süxurları arasında gedən kimyəvi reaksiyalar nəticəsində mövcuddur.
Bu reaksiyalar nəticəsində ətraf mühitə hidrogen, metan və digər qazlar ayrılır. Onlar günəş işığı və oksigen olmadan karbonat qüllələrin məsamə və çatlarında yaşayan mikrob icmaları üçün enerji mənbəyi rolunu oynayır. Buradakı mayelərin temperaturu nisbətən aşağı — təxminən 40 dərəcə Selsidir, lakin bu, mürəkkəb ekosistemin mövcudluğu üçün kifayətdir. Mənbələrin ətrafında bakteriyalar, ilbizlər və xərçəngkimilər yaşayır, daha iri heyvanlara — xərçənglərə və ilanbalıqlarına isə nadir hallarda rast gəlinir.
Lost City həyatın mənşəyini araşdıran alimlər üçün xüsusi maraq doğurur. Burada əmələ gələn karbohidrogenlər nə atmosferdəki karbon qazından, nə də fotosintez nəticəsində yaranır; onlar yalnız okean dibində gedən geokimyəvi proseslər hesabına formalaşır. Karbohidrogenlər canlı orqanizmlərin əsas “tikinti blokları” olduğundan, bu fakt həyatın oksigenli atmosfer yaranmazdan çox əvvəl məhz belə şəraitdə ortaya çıxması hipotezini gücləndirir.
2024-cü ildə tədqiqatçılar Lost City ərazisində rekord dərinlikdə qazma aparıldığını bildiriblər. Mantiyaya aid süxurlardan uzunluğu 1,2 kilometrdən artıq olan nüvə nümunəsi çıxarılıb. Bu nümunələrin analizi milyardlarla il əvvəl erkən Yer tarixində baş verən kimyəvi proseslərə işıq sala və cansız maddənin necə canlıya çevrildiyini anlamağa kömək edə bilər.
Alimlər vurğulayırlar ki, “İtirilmiş şəhər” tipli ekosistemlər nəzəri cəhətdən Yer kürəsindən kənarda da mövcud ola bilər. Nümunə kimi Yupiter və Saturnun peykləri Avropa və Enseladın buzaltı okeanları, eləcə də uzaq keçmişdə Mars göstərilir. Mikrobioloqların fikrincə, günəş işığı olmadan həyat haradasa mövcud ola bilərsə, bu, məhz belə kimyəvi cəhətdən aktiv mühitlərdir.
Elmi əhəmiyyətinə baxmayaraq, Lost City həssas və müdafiəsiz obyekt olaraq qalır. 2018-ci ildə Polşanın okean dibinin yaxın ərazilərində faydalı qazıntıların kəşfiyyatı və çıxarılması üçün icazə aldığı məlum olub. Hidrotermal sahənin özü hasilatın birbaşa hədəfi olmasa da, alimlər dağ-mədən işləri ilə bağlı yaranan çöküntü və tullantıların bu kövrək ekosistemə zərər vura biləcəyindən ehtiyat edirlər.
Vüsalə










