Ölkə ŞOKDA: Müdafiə naziri hücum nəticəsində öldürüldü
Malidə son günlər kəskinləşən təhlükəsizlik böhranı faciəvi nəticə ilə yadda qalıb. Ölkənin müdafiə naziri Sadio Kamara silahlı qrupların həyata keçirdiyi hücum zamanı aldığı ağır yaralardan xəstəxanada vəfat edib.
ERAmedia xəbər verir ki, Mali Keçid Hökumətinin yaydığı məlumata görə, hadisə ötən gün baş verib. Hökumət sözçüsü, briqada generalı İssa Usman Kulibali bildirib ki, kamikadze tərəfindən idarə olunan avtomobil paytaxt Bamako yaxınlığındakı Kati şəhərində yerləşən nazirin evini hədəf alıb.
Açıqlamada qeyd olunub ki, Kamara hücum edənlərlə qarşıdurmaya girərək bəzilərini zərərsizləşdirib. Lakin baş verən silahlı toqquşma zamanı yaralanan nazir xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sözçünün sözlərinə görə, partlayış nəticəsində yaşayış evi dağılıb, ətraf ərazilərdə də itkilər qeydə alınıb. Yaxınlıqdakı məscidin uçması nəticəsində orada olan bəzi şəxslərin də həlak olduğu bildirilir.
Mali Keçid dövrünün prezidenti Assimi Goita hökumət üzvləri və ölkə ictimaiyyəti həlak olanların ailələrinə başsağlığı verib.
Müdafiə nazirinin ölümü ilə əlaqədar ölkədə iki günlük milli matəm elan olunub.
Qeyd edilir ki, hücumların “Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin” və “Azavadın Azadlığı Cəbhəsi” adlı silahlı qruplar tərəfindən törədildiyi ehtimal olunur.
Xatırladaq ki, 25 aprel səhər saatlarından etibarən Malidə silahlı qrupların koordinasiyalı hücumları başlayıb. Paytaxt Bamakoda Kati hərbi bazası, Modibo Keyta Hava Limanı ətrafındakı hərbi düşərgə, həmçinin Kidal, Gao və Sevare şəhərlərində güclü partlayışlar və atışmalar qeydə alınıb.
Vural










