media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-1283448-768x403
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Azərbaycan Prezidenti İlham Əliyevin AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alan fikirlər ölkəmizin postmünaqişə dövründə regional və qlobal xarici siyasət kursunun əsas prioritetlərini bir daha aydın şəkildə ortaya qoyur. Suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra Azərbaycanın təşviq etdiyi sülh gündəliyi artıq təkcə region üçün deyil, beynəlxalq münasibətlər sistemi üçün də yeni imkanlar yaradır. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində ölkəmizin rolunu gücləndirir.

Bu fikirləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında keçən ay paraflanan sülh sazişi bölgədə uzun illər davam edən qarşıdurmaya son qoymaq baxımından tarixi əhəmiyyət daşıyır.

“Bu saziş Cənubi Qafqazda yeni əməkdaşlıq erası üçün başlanğıc nöqtəsidir. Münaqişə nəticəsində 30 ilə yaxın müddətdə regiondakı nəqliyyat və iqtisadi əlaqələrin iflic vəziyyətə düşdüyünü nəzərə alaraq deyə bilərik ki, əldə olunan razılaşma Avrasiya məkanında sabitliyin gücləndirilməsi baxımından böyük önəm kəsb edir. Dünya Bankının məlumatına görə, yalnız Cənubi Qafqazda nəqliyyat-logistika imkanlarının açılması regional ÜDM-i orta hesabla 2,5 faiz artıra bilər”, – deyə siyasi şərhçi əlavə edib.

Ü.Zülfiqarın fikrincə, Prezident İlham Əliyevin vurğuladığı Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanın geostrateji mövqeyinin əhəmiyyətini bir daha göstərir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə təxminən 6 milyon ton yük daşınır və bu göstəricinin 2030-cu ilə qədər iki dəfə artacağı proqnozlaşdırılır. Şimal-Cənub dəhlizi çərçivəsində isə Azərbaycan ərazisindən keçən hissənin illik potensialı 15-20 milyon ton arasında qiymətləndirilir ki, bu da ölkəmizi həm Avropa ilə Asiya, həm də Rusiya ilə Fars körfəzi ölkələri arasında vacib tranzit mərkəzinə çevirir.

Siyasi şərhçi bildirib ki, dövlətimizin başçısının vurğuladığı Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycanın geostrateji mövqeyinin nə qədər önəmli olduğunu bir daha göstərir. Beynəlxalq Nəqliyyat Forumunun hesablamalarına görə, Orta Dəhliz vasitəsilə yüklərin daşınma müddəti 35-40 gün olan dəniz yoluna nisbətən 12-15 günə qədər azaldıla bilər ki, bu da sürətlə böyüyən Avropa-Çin ticarəti üçün ciddi üstünlükdür.

2023-cü ildə Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin 900 milyard ABŞ dollarına yaxın olduğunu xatırladan Ülviyyə Zülfiqar qeyd edib ki, bu rəqəmin hər il orta hesabla 7-8 faiz artacağı gözlənilir və Azərbaycan bu əlaqələrin ən mühüm tranzit halqalarından birinə çevrilməklə həm regionun, həm də öz iqtisadiyyatının gəlirlərini artıracaq.

Siyasi şərhçi vurğulayır ki, Azərbaycanın təşviq etdiyi sülh gündəliyi təkcə münaqişədən sonrakı sabitliyi təmin etmir, eyni zamanda, regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün qlobal perspektivlər açır. Əgər bu proseslər davamlı şəkildə reallaşarsa, ölkəmiz yaxın onillikdə Avrasiyanın əsas nəqliyyat-logistika qovşaqlarından biri olmaqla yanaşı, siyasi sabitlik və əməkdaşlıq platforması kimi beynəlxalq sistemdə daha güclü mövqeyə sahib olacaq.

Ülviyyə Zülfiqar əlavə edib ki, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində Azərbaycanın xarici siyasətinin yeni mərhələsinin konturları bir daha vurğulanır. Azərbaycanın regional təşəbbüsləri həm Avropa, həm Asiya, həm də Yaxın Şərq ölkələrinin maraqları ilə uzlaşdığı üçün beynəlxalq dəstəyin artacağı gözlənilir. Beləliklə, ölkəmiz təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının təhlükəsizlik və inkişaf xəritəsində mühüm aktora çevrilməkdədir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər