Ölkəmizdə yaşlı əhalinin 33 faizi piylənmədən əziyyət çəkir - Tariyel Ömərov
Piylənmə əsrimizin bəlasıdır. Bu gün dünya əhalisinin 30 faizdən çoxu piylənmə və artıq çəki ilə mübarizə aparır.
ERAmedia xəbər verir ki, bu sözləri Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərov 7-ci Beynəlxalq Bariatrik-Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqresində çıxışı zaman deyib.
“Səbəbsiz ölümlərin 7, fəsadlaşmaların 20 faizi piylənmədən əziyyət çəkən pasiyentlərin payına düşür. Piylənmənin özü ilə gətirdiyi, yanaşı gedən ən böyük xəstəliklərdən biri 2-ci tip şəkərli diabetdir. Hesablamalara görə, 2040-cı ildə piylənmədən əziyyət çəkən 642 milyon xəstə 2-ci tip şəkərli diabetlə də mübarizə aparacaq. Təəssüf hissi ilə qeyd edirəm ki, Dünya Piylənmə Atlasının 2024-cü ildə yayımladığı hesabata görə, ölkəmizdə yaşlı əhalinin 33 faizi piylənmədən əziyyət çəkir. Həmin rəqəmin 2035-ci ilə qədər daha 2.5 faiz artacağı ehtimal olunur.
Piylənmə səssiz epidemiya, bariatrik metabolik cərrahiyyə isə səssiz müalicədir. Çünki həqiqətən də çox effektiv və eyni zamanda da çox dramatik bir əməliyyat sahələridir”, – deyə T.Ömərov qeyd edib.









