Ölüm qarşısında belə əyilməyən Azərbaycan ziyalısı
Azərbaycan tarixində inandığı ideallardan dönməyən, milli dövlətçilik düşüncəsinə sədaqəti həyatından üstün tutan şəxsiyyətlər az olmayıb.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri, həkim və Gəncənin general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin həyat yolundan, faciəli taleyindən və onun timsalında Azərbaycan ziyalısının iradəsindən danışıb.
Zaur Əliyevin sözlərinə görə, Xudadat bəy Rəfibəyli Gəncə gimnaziyasını və Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirib. Əvvəlcə Xarkovda universitetin cərrahiyyə şöbəsində çalışan Xudadat bəy daha sonra Gəncə xəstəxanasında baş həkim vəzifəsində işləyib. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səhiyyə və Sosial Təminat naziri, daha sonra isə Gəncənin general-qubernatoru olub.
Tarixçi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Xudadat bəy Rəfibəylinin taleyi faciəli istiqamətdə dəyişib. O, bolşevik hakimiyyətinin qurulmasından sonra həbs edilib və sovet repressiyasının qurbanına çevrilib.
Zaur Əliyev bildirib ki, Xudadat bəy kimi nüfuzlu şəxsiyyətlərin yeni hakimiyyət tərəfindən öz tərəfinə çəkilməsi bolşeviklər üçün mühüm əhəmiyyət daşıyırdı. Belə insanlardan yeni hakimiyyəti tanımaq, milli istiqlal ideyasından imtina etmək və sovet rejimi ilə əməkdaşlığa razılıq vermək tələb olunurdu. Bunun müqabilində onlara toxunulmayacağı və yüksək vəzifələr veriləcəyi vəd edilirdi.
Lakin Xudadat bəyin həyat yolu onun milli dövlətçilik ideallarına sədaqətinin şəxsi mənafeyindən üstün olduğunu göstərir.
Tarixçinin qənaətinə görə, Xudadat bəy Rəfibəylinin faciəsi yalnız bir insanın qətli deyil, həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına və milli istiqlal düşüncəsini yaşadan ziyalılara qarşı həyata keçirilən repressiv siyasətin nümunələrindən biridir.
Mənbələrdə Xudadat bəy Rəfibəylinin 1920-ci ilin iyunun 1-də güllələndiyi qeyd olunur. Onun edamı ilə bağlı nəql edilən rəvayətlərdən birində bildirilir ki, ölüm qarşısında belə təmkinini qoruyan Xudadat bəy cibindən həkim saatını çıxararaq öz nəbzini yoxlayıb və onu güllələməyə hazırlaşanlara belə deyib:
“Güllələyin! Baxın görün, ölüm qarşısında Azərbaycan ziyalısının nəbzi bir dəfə də olsun artıq vururmu? Biz bu ideya uğrunda ölməkdən qorxmuruq!”
Bu sözlərin tarixi mənbələrlə təsdiqlənmə dərəcəsi ayrıca araşdırma tələb etsə də, həmin nəql Xudadat bəyin obrazında Azərbaycan ziyalısının cəsarətini, mənəvi bütövlüyünü və milli ideallara bağlılığını ifadə edir.
Zaur Əliyevin fikrincə, Azərbaycan tarixində öz əqidəsinə görə təqiblərə məruz qalan, milli maraqları şəxsi mənafeyindən üstün tutan ziyalıların taleyi ciddi dərslərlə zəngindir. Cümhuriyyət dövründə başlayan faciələr sonrakı sovet repressiyaları ilə də davam edib. Bu tarix göstərir ki, milli ideyaya sədaqət bəzən ağır bədəllər tələb etsə də, həmin insanların irsi xalqın yaddaşında yaşayır.
Xudadat bəy Rəfibəylinin həyatından çıxarılan əsas nəticələrdən biri də budur: insanın əsl dəyəri çətin sınaqlar qarşısında hansı mövqedə dayanması ilə ölçülür. İdeallarını şəxsi rahatlığa, vəzifəyə və maddi təminata dəyişməyən insanlar tarixdə mənəvi nümunəyə çevrilirlər.
Təəssüf ki, tarixdə olduğu kimi, müasir dövrdə də şəxsi mənafeyini ictimai dəyərlərdən üstün tutanlara rast gəlinir. Bu baxımdan Hüseyn Arifin misraları da diqqət çəkir:
“Alçala-alçala yüksələnləri,
Yüksələ-yüksələ alçalanlar görüb”.
Xudadat bəy Rəfibəylinin taleyi Azərbaycan cəmiyyətinə bir daha xatırladır ki, milli dövlətçilik ideyalarına sədaqət, mənəvi bütövlük və prinsipiallıq zamanın sınağından keçən dəyərlərdir. Tarixin yaddaşında iz qoyanlar isə çox vaxt məhz bu dəyərlərdən dönməyənlər olur.
Mələk Onur










