media-photo_5354949157640146281_y
media-bant_master

XX əsrin əvvəlləri Azərbaycan cəmiyyətinin həm sosial, həm də siyasi baxımdan mürəkkəb və ziddiyyətli dövrü idi. Bu dövrdə bir çox gənclər kimi, Ağahüseyn Mehdi oğlu Əlihüseynov da zəhmətkeş ailədən çıxaraq təhsil və ictimai fəaliyyət yolu ilə irəli getməyə çalışıb.

media-photo_5354949157640146283_y

ERAmedia xəbər verir ki, onun formalaşmasında Bakı fəhlə mühiti, mətbuat və ideoloji təşkilatlarda fəaliyyəti mühüm rol oynayıb. Lakin 1937-ci ildən etibarən güclənən siyasi repressiyalar bu nəslin taleyində dərin və faciəvi izlər buraxıb.

Ağahüseyn Mehdi oğlu Əlihüseynov 1908-ci ildə Bakı şəhərində dünyaya gəlib. Atası adi yağlayıcı-fəhlə idi və onun ağır, fərəhsiz zəhməti Ağahüseynin uşaqlıq illərində ailənin gündəlik həyatında aydın hiss olunurdu. Ailənin ən kiçik üzvü olan Ağahüseyn çətin şəraitə baxmayaraq, vaxtlı-vaxtında məktəbə gedirdi. Lakin çox gənc yaşlarından ailəyə maddi dəstək vermək üçün muzdlu işləməyə məcbur qalır.

1923-cü ildə bir dərəcəli məktəbi bitirən Əlihüseynov həmin il 1-ci dövlət mətbəəsində təhsil almağa başlayır. Burada o, komsomol sıralarına daxil olur və qısa müddətdə özünü fəal, təşəbbüskar komsomolçu kimi tanıdır. Təhlükəsizlik orqanları tərəfindən qabaqcıl gənc fəal kimi qiymətləndirilir. Mətbəənin komsomol təşkilatında əvvəlcə divar qəzetinin redaksiya kollegiyasına katib, daha sonra mədəniyyət işçisi, bir müddət sonra isə təşkilatın katibi seçilir.

Əlihüseynovun elmə və biliyə marağı son dərəcə güclü idi. Gündüzlər mətbəədə çalışır, axşamlar isə işçi fakültəsində təhsil alırdı. Dörd il ərzində o, istehsalat fəaliyyətini böyük həvəslə davam etdirib. Bu dövrdə Əlihüseynov özünü işçi gənclərin bacarıqlı təşkilatçısı, Bakı mətbuatını yaxından izləyən savadlı oxucu və ideoloji mübarizədə fəal mövqe tutan şəxs kimi göstərib. Həmin illərdə Əlihüseynov Mübariz Allahsızlar İttifaqı Bakı Sovetinin Rəyasət Heyətində də fəaliyyət göstərirdi.

1937-ci ildə SSRİ-də siyasi repressiyalar kütləvi xarakter aldı. NKVD-nin baş komissarı N.Yejov 30 iyul 1937-ci ildə “Keçmiş qolçomaqlar, canilər və digər antisovet ünsürlərin repressiya üzrə əməliyyatları” haqqında 00447 saylı əmri imzaladı. Bu əmrə əsasən, Sovet İttifaqının bütün müttəfiq respublikalarında siyasi təmizləmə məqsədilə xüsusi “üçlüklər” (troykalar) yaradıldı. Həbs edilən şəxslər iki kateqoriyaya bölünürdü: birinci kateqoriyaya aid edilənlər güllələnir, ikinci kateqoriyaya düşənlər isə 8–10 il müddətinə azadlıqdan məhrum edilirdi.

Bu proseslər sürətli və sadələşdirilmiş istintaq mexanizmi ilə həyata keçirilirdi. NKVD-nin xalq komissarı N.Yejov hər bir respublika üzrə konkret “plan” müəyyən etmişdi. Azərbaycan SSR-də bu plana görə I kateqoriya üzrə 1 500, II kateqoriya üzrə isə 3 750 nəfər, ümumilikdə 5 250 nəfər repressiyaya məruz qalmalı idi.

1937–1941-ci illərdə Azərbaycan SSR-in Baş prokuroru vəzifəsində çalışmış Ağahüseyn Əlihüseynovun ölümü ilə bağlı bu günədək dəqiq və təsdiqlənmiş məlumat yoxdur.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər