media-285fafa8-1bbb-4f5d-b35d-6c3a1d8acb50
media-bant_master

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı taleyinə yön verən, dövlətçiliyimizi uçurumun kənarından geri çəkən böyük şəxsiyyəti dərin ehtiramla yad edir.

Bəzi insanlar var ki, adları tarix kitablarında yazılır.
Bəziləri isə elə liderlərdir ki, tarixin özü onların adı ilə danışır.
Heydər Əliyev məhz belə insanlardandır.

O, sadəcə bir rəhbər deyildi. O, xalqın dar günündə sığındığı dayaq, dağılmaq üzrə olan bir ölkənin sinəsinə çəkilmiş sipər idi. Azərbaycan ən ağır sınaqlardan keçəndə, dövlətçilik uçurumun kənarında dayananda xalqın baxışları yenə bir ünvana yönəldi. Heydər Əliyev varsa, Azərbaycan var!

Onun liderliyini fərqləndirən cəhət təkcə verdiyi qərarlar yox,həm də göstərdiyi nümunə idi.
Mən onu ən çox hərbi kursantlar qarşısında çıxışı zamanı yıxıldıqdan sonra yenidən ayağa qalxaraq tribunaya qayıtmasından sonra sevmişdim. Bu hadisə mənim həyatımda dərin iz buraxan tarixi bir an kimi yadımda qalıb. Çünki bu, iradənin, məsuliyyətin və lider ruhunun ayağa qalxması idi.

O yaşda qabırğaların qırıla biləcəyi, həkimlərin ayağa qalxmağı qadağan etdiyi, həyat üçün ciddi risklərin olduğu bir məqamda belə, o, geri çəkilmədi. Ölüm təhlükəsinə baxmayaraq, öz əsgərlərinin önündə məğrur dayandı. Həmin an təkcə bir lider yox, bir dövlət ayaqda idi.
Bu,Vətən müharibəmizdə yaralanan əsgərimizin yaralı halda irəli getməsi ilə eyni məqamdır.

Zalda olan hər kəs ayağa qalxmışdı. Ali Baş Komandan alqışlar altında qarşılanmışdı. Necə də möhtəşəm geri dönüş idi…
O alqışlar sadəcə hörmətin ifadəsi deyildi. Bir xalqın öz liderinə olan sarsılmaz inamı idi. Məhz o andan sonra tam əmin oldum ki, belə bir Komandan bizləri mütləq işğal altında olan torpaqlarımıza geri qaytaracaq.

Komandan güclüdürsə, cəsarətlidirsə, ölümdən qorxmursa və lazım gəldikdə canı bahasına ayaqda durmağı bacarırsa, onun əsgərlərini heç bir ordu məğlub edə bilməz!

“Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” fikri də bu qətiyyətin ifadəsi idi. Bu sözlər sadəcə siyasi bəyanat deyil, işğal altındakı torpaqlara verilmiş qayıdış andı idi. Zaman göstərdi ki, bu inam yarımçıq qalmadı.

Çünki Heydər Əliyev bir nəfər deyildi.
O, davam edən yol idi.

Və o yol bizi zəfərlərə apardı!

Ruhun şad olsun, Ulu Öndər.
Qürur yerimiz, Azərbaycanımızın, yeni tariximizin adı!

İqbal SƏFƏROV,
Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı


media-adspc

Bənzər xəbərlər