media-orqan_1200

Bangladeşdən Türkiyəyə böyrək transplantasiyası məqsədilə gələn və özlərini “xala-bacı oğlu” kimi təqdim edən şübhəlilərin qanunsuz əməli İstanbulda aşkar edilib.

ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şişli rayonundakı xüsusi xəstəxanada əməliyyata hazırlaşan şübhəlilərin qarşısına həkim əvəzinə polis çıxıb.

Məlumata görə, Bangladeşdə yaşayan 65 yaşlı böyrək xəstəsi qadın ölkəsində bir dəstə ilə razılaşaraq transplantasiya üçün Türkiyəyə gətirilib. Uyğun donoru tapıldıqdan sonra əməliyyatın İstanbulda aparılması planlaşdırılıb.

Şişli rayonundakı xüsusi xəstəxanaya müraciət edən şübhəlilərin, xala-bacı oğlu olduqlarını göstərən saxta sənədlər təqdim etdiyi müəyyən edilib. Lakin xəstəxananın Etik Komitəsi tərəfindən verilən suallara verilən cavabların uyğunsuz olması səbəbindən vəziyyət şübhəli hesab edilib və iddia olunan qohumluq əlaqəsi ifşa olunub.

Xəstəxana rəhbərliyinin məlumat verməsi nəticəsində İstanbul Qaçqınlıq və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib. Şübhəlilər yenidən xəstəxanaya çağırılıb və yaşlı qadın əməliyyata alına biləcəyini düşünərkən həkim əvəzinə polis qarşısına çıxıb.

“Star Haber”in məlumatına görə, əməliyyat zamanı böyrək xəstəsi qadın, vasitəçi olduğu qiymətləndirilən şəxs və “bacı oğlu” kimi təqdim edilən donor saxlanılıb. Şübhəlilərin ifadələrində qanunsuz transplantasiya üçün 5 500 ABŞ dolları qarşılığında razılığa gəldikləri müəyyən edilib.

Polis əməliyyatından sonra şübhəlilər məhkəməyə təqdim olunub və məhkəmə tərəfindən adli nəzarət şərti ilə sərbəst buraxılıblar. Daha sonra şübhəlilərin ölkədən çıxarıldığı bildirilib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər