Osakadakı Milli pavilyonumuz qalib olub
Yaponiyanın Osaka şəhərində keçirilən “Ekspo 2025” dünya sərgisindəki Azərbaycan pavilyonu Alman Dizayn Mükafatının (German Design Award) “Mükəmməl Memarlıq / Yarmarka və Sərgi” (Excellent Architecture / Fair and Exhibition) kateqoriyasında qalib seçilib.
2012-ci ildə təsis olunan və beynəlxalq şöhrət qazanmış bu mükafat innovasiyaya təkan verən, dizayn vasitəsilə yeni perspektivlər açan layihələrə təqdim edilir. Azərbaycan pavilyonunu ziyarət edən Alman Dizayn Mükafatının təmsilçiləri milli pavilyonumuzun konsepsiyasını yüksək qiymətləndirib, çox sayda ziyarətçinin marağına səbəb olduğunu qeyd edib və fantastik layihə kimi dəyərləndiriblər.
Aprelin 13-dən oktyabrın 13-dək fəaliyyət göstərən “Ekspo 2025” dünya sərgisinin ümumilikdə 25 milyondan çox ziyarətçisi olub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu bu dəfə də ən seçilən və ziyarət olunan pavilyonlar sırasında yer alıb. Milli pavilyonumuz “Ekspo 2025” zamanı 2 milyondan çox ziyarətçi qəbul edib. Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanmışdı. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunub.
Qeyd edək ki, 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycanın milli pavilyonları bu vaxtadək müxtəlif mükafatlara layiq görülüb:
“Milan Ekspo 2015” dünya sərgisindəki milli pavilyon İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” (“Towards a Sustainable Expo”) proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə mükafatla təltif olunub.
“Antalya Ekspo 2016” beynəlxalq botanika sərgisindəki Azərbaycan pavilyonu eksteryer və interyer bağçası nominasiyasında birinci olub.
“Astana Ekspo 2017”də “Şərq dizaynı” nominasiyasında mövzunun geniş açıqlanması üzrə Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb.
Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə “Pekin Ekspo 2019” sərgisində “Xüsusi mükafat”a (ikinci yer) layiq görülüb.