Osmanlının son böyük layihəsi həyata keçir – Danışıqlar başladı
Osmanlının ən mühüm layihələrindən biri olan və İstanbuldan Mədinəyə uzanan Hicaz dəmir yolunun yenidən canlandırılması məqsədilə Türkiyə ilə Suriya arasında təmaslar başlayıb.
ERAmedia xəbər verir ki, Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz bu ölkənin nəqliyyat naziri Yarub Bədir ilə görüşüb.
Görüş zamanı Hicaz dəmir yolunun bərpası məsələsi də müzakirə edilib. Yılmaz görüşlə bağlı paylaşdığı fotoda dəmir yolunun yenidən istifadəyə verilməsinin gündəmdə olan əsas mövzulardan biri olduğunu bildirib.
Yılmaz və Bədir arasındakı danışıqlarda həmçinin, Avtomobil Nəqliyyatı üzrə Anlaşma Memorandumu çərçivəsində birbaşa ikitərəfli və tranzit keçidlərin artırılması, eləcə də dəmir yolları sahəsində əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar nəzərdən keçirilib.
Qeyd edək ki, Osmanlı sultanı II Əbdülhəmidin ən mühüm təşəbbüslərindən biri olan Hicaz dəmir yolu 117 il əvvəl istifadəyə verilib. 1 sentyabr 1900-cü ildə təməli qoyulan layihə sultanın taxta çıxmasının 25-ci ildönümünə təsadüf edib.
Şamdan Mədinəyə qədər uzanan və 1464 kilometr uzunluğa malik olan xətt hac ziyarətlərini asanlaşdırmaqla yanaşı, Osmanlı dövlətinə hərbi və iqtisadi baxımdan mühüm töhfələr verib. Layihənin icrası üçün İstanbulda Komisyon-ı Ali yaradılıb, bu çərçivədə minlərlə körpü, tunel və stansiya inşa edilib.
Dəmir yolunun maliyyələşdirilməsi əsasən Osmanlı torpaqlarından və dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanların ianələri hesabına təmin olunub. İlk ianəni isə 50 min lirə ilə Sultan II Əbdülhəmid özü edib.
1908-ci ildə istifadəyə verilən xəttdə Mədinə ilə Məkkə arasındakı 450 kilometrlik hissə bədəvi hücumları və siyasi maneələr səbəbindən tamamlana bilməyib. Buna baxmayaraq, dəmir yolu Osmanlının hərbi qüvvələrinin daşınmasında və regional ticarətdə mühüm rol oynayıb.
Sultan II Əbdülhəmid Mədinəyə yaxın ərazilərdə xüsusi həssaslıq göstərərək relslərin altına keçə döşətdirib. Bu tədbirin qatar səsinin Həzrət Peyğəmbərin (s) mənəvi huzurunu narahat etməməsi məqsədi daşıdığı bildirilir.
Vüsalə









