media-347279

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın (1922–1993) həyatı böyük sənət uğurları ilə yanaşı, ağır şəxsi itkilərlə də yadda qalıb.

ERAmedia xəbər verir ki, qızının vaxtsız vəfatı sənətkarın həyatında dərin iz buraxıb və onun sonrakı illəri böyük bir kədərin kölgəsində keçib.

Məlumata görə, övladını itirmək Şövkət xanım üçün dözülməz bir sınağa çevrilib. Qızının ölümündən sonra mahnı oxumağı dayandırdığı bildirilən sənətkarın yaşadığı mənəvi sarsıntı onun həyatının ən ağrılı məqamlarından biri olub.

Şövkət Ələkbərovanın həyatındakı faciələr bununla da bitməyib. Onun qardaşı 1941–1945-ci illər müharibəsində həlak olub. Qardaşının ölümündən sonra anasının tərk etdiyi qız uşağına isə sənətkar özü sahib çıxıb. O, qardaşı qızına yalnız qohum kimi deyil, həm də ana qayğısı göstərərək onun böyüməsində mühüm rol oynayıb.

Xalq artisti sənətinə olan sevgisi ilə yanaşı, müəllimlik fəaliyyəti və gənc istedadlara dəstəyi ilə də seçilib. Azərbaycanın müxtəlif bölgələrini gəzərək musiqi qabiliyyəti olan uşaqları üzə çıxarıb, onların Bakıya gəlməsinə və sənət yolunda irəliləməsinə kömək edib.

Sənətkarın qayğıkeşliyi yalnız səhnə və dərs otaqları ilə məhdudlaşmayıb. Onun evinə gələn tələbələrə şəxsən qulluq etdiyi, bəzən onları öz əlləri ilə yedizdirdiyi bildirilir. Bu münasibət Şövkət Ələkbərovanın gənclərin həyatında yalnız müəllim deyil, həm də qayğıkeş bir ana obrazında yer aldığını göstərir.

Beləliklə, Şövkət Ələkbərovanın xatirəsi təkcə bənzərsiz ifaçılığı ilə deyil, insanlara göstərdiyi mərhəmət, ailəsinə bağlılığı və yeni istedadların yetişməsinə verdiyi töhfələrlə də yaşayır. Onun həyat hekayəsi böyük sənətkarların səhnə arxasında da nə qədər ağır sınaqlarla üzləşə bildiyini xatırladır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər