Özbəkistanlı qonaqlar Zəfər parkında olub
II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində Bakıda səfərdə olan Özbəkistan nümayəndə heyəti Zəfər parkını ziyarət edib.
Nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov ilə birgə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsini ziyarət edib.
Nümayəndə heyəti abidənin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib.
Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır.