“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif olunur
Mülki Prosessual, Vergi, Cinayət-Prosessual məcəllələrinə, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” qanunlara dəyişikliklər təklif edilir.
ERAmedia xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 5-də iclasının gündəliyinə daxil edilib.
Təklif olunan qanun layihəsi müxtəlif qanunlarda ekspert fəaliyyətinin tənzimlənməsinin ayrı-ayrı xüsusiyyətlərini əhatə edir. Bura bəzi texniki və təkmilləşmə xarakterli dəyişikliklərlə yanaşı, özəl məhkəmə ekspertlərinin vergi ödəyicisi qismində vergi uçotuna alınması, vergi bəyannaməsinin verilməsi, məhkəmə ekspertizası fəaliyyətinə görə alınan haqların vergitutma obyekti hesab olunması, özəl məhkəmə ekspertlərinin məcburi dövlət sosial sığortasına cəlb olunması, özəl məhkəmə ekspertlərinin məşğul şəxslərin sırasına aid edilməsi daxildir.
Bundan başqa, özəl məhkəmə ekspertləri barəsində intizam icraatının başlanması və həyata keçirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması qaydalarının müəyyənləşdirilməsi, “Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir.
Layihədə, həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsindən özəl məhkəmə ekspertinin şəhadətnaməsinin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılması təklif edilir. Bu təklif də ondan qaynaqlanır ki, elə həmin layihədə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin on birinci hissəsində özəl məhkəmə eksperti fəaliyyətinin sahibkarlıq fəaliyyəti hesab olunmadığına dair müddəa öz əksini tapıb.









