“Özünə yox, başqalarına qayğı göstərirdi” – Səxavət Məmmədov haqqında xatirə
Azərbaycan muğam sənətinin unudulmaz nümayəndələrindən olan Səxavət Məmmədov təkcə məlahətli səsi və ifaçılıq məharəti ilə deyil, insanlara göstərdiyi qayğı və səxavəti ilə də yaddaşlarda qalıb.
ERAmedia xəbər verir ki, Xalq artisti Möhlət Müslümov mərhum xanəndə ilə bağlı xatirələrini bölüşərək onun özündən daha çox yaxınlarını düşündüyünü, maddi imkanları məhdud olsa belə, ehtiyacı olan insanlara yardım etməyə çalışdığını bildirib.
Onun sözlərinə görə, Səxavət Məmmədov ətrafındakı insanların çətinliklərinə biganə qalmır, imkanı çatdığı qədər onlara dəstək olurdu. Hətta maddi sıxıntı yaşayan şəxslərə geyim alaraq kömək etməsi də xanəndənin insani keyfiyyətlərindən xəbər verirdi.
Möhlət Müslümov Səxavət Məmmədovun sənətə münasibətinə də diqqət çəkib. Qeyd edib ki, bəzi xanəndələr səhhətlərini, yuxusuzluqlarını və ya qidalanmalarını əsas gətirərək ifa etməkdə çətinlik çəkdiklərini bildirsələr də, Səxavət Məmmədov xəstə və yuxusuz olduğu vaxtlarda belə oxumaqdan çəkinmirdi.
Qeyd edək ki, cəmi 37 il ömür sürən Səxavət Məmmədovun bu gün doğum günüdür. O, qısa ömrünə baxmayaraq, Azərbaycan musiqi tarixində özünəməxsus iz qoyub, sənəti və xeyirxah əməlləri ilə insanların yaddaşında yaşamaqda davam edir.
Mələk Onur









