media-b90bfa96_267e_4e61_afb5_dc2ce59687e1_1748277865

Pakistan və Çin ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədən sonra Yaxın Şərqdə sülh və sabitliyin bərpası üçün “5 maddəlik birgə təşəbbüs” açıqlayıb.

ERAmedia xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında yayılan məlumata görə, Pakistanın xarici işlər naziri Muhammad İshaq Dar bu gün paytaxt Pekində çinli həmkarı Vanq Yi ilə görüşüb.

Bildirilib ki, görüş zamanı tərəflər Yaxın Şərqdəki son inkişafları müzakirə edərək, düşmənçiliklərin dərhal dayandırılmasına, münaqişənin genişlənməsinin qarşısının alınmasına və müharibədən zərər çəkmiş bölgələrə humanitar yardımların çatdırılmasına imkan yaradılmasına çağırış ediblər.

Tərəflər vurğulayıblar ki, münaqişələrin həllində yeganə yol dialoq və diplomatiyadır. Bu çərçivədə bölgədə sülh və sabitliyin təmin olunması üçün “5 maddəlik birgə təşəbbüs” barədə razılıq əldə olunub.

Sözügedən təşəbbüs aşağıdakı maddələri əhatə edir:

1.Düşmənçiliklərin dərhal dayandırılması,

2.Ən qısa zamanda sülh danışıqlarına başlanması,

3.Mülki əhalinin qorunması,

4.Dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyinin təmin edilməsi,

5.BMT Nizamnaməsinə riayət olunması.

Tərəflər həmçinin İranın və digər Körfəz ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb, mülki şəxslərə və kritik infrastruktura qarşı hücumların dayandırılmasını tələb ediblər.

Bundan əlavə, Hörmüz boğazı vasitəsilə mülki və ticarət gəmilərinin sərbəst hərəkətinə icazə verilməsi çağırışı edilib. Tərəflər BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri çərçivəsində uzunmüddətli sülh razılaşmasının dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər