Pakistanda sel və torpaq sürüşmələri 645 nəfərin həyatına son qoydu
26 iyun – 16 avqust tarixlərində yağan güclü yağışların yaratdığı sel və torpaq sürüşmələri səbəbindən Pakistanda 645 nəfər həyatını itirib.
ERAmedia xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) məlumat yayıb.
Yerüstü infrastrukturun ciddi ziyan gördüyü bildirilir. Onlarla kənd tamamilə su altında qalıb, yollar və körpülər dağılıb. Minlərlə ailə evsiz qalıb və fövqəladə vəziyyət elan olunub.
Hakimiyyət orqanları beynəlxalq təşkilatlara yardım üçün müraciət edib. Hazırda Pakistan ordusu və xilasedici qruplar təxliyə və yardım işlərini davam etdirirlər.
Ölkədə təsirini göstərən güclü musson yağışları yeni dağıntılara yol açıb. Ölənlərin sayı artmaqda davam etdiyindən, səlahiyyətli qurum növbəti açıqlama verməli olub.
Xatırladaq ki, ötən cümə və şənbə günlərində baş verən təbii fəlakətlər zamanı azı 351 nəfərin həlak olduğu, xilasedicilərin dağıntılar altından cəsədləri çıxarmaq üçün işlərini davam etdirdiyi bildirilib.