Palina Kaspiaroviç Daşkənddə bürünc medal qazandı

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb.
ERAmedia-ya Federasiyadan bildirilib ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı qadın sablyaçıların şəxsi yarışında yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.
Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü “səkkizliy”ə yüksəlib. Sablyaçı yarımfinala yüksəlmək uğurunda keçirilən qarşılaşmada neytral statusda çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyib. Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzub.
Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb.
Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.
Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.










